Verilənlərin emal mərkəzlərində Green Computing texnologiyalarının tətbiqi məsələləri müzakirə edilib

24 May 2019 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Verilənlərin emal mərkəzlərində Green Computing texnologiyaların tətbiqi” mövzusuna həsr olunduğunu bildirdi. Məruzəni təqdim edən şöbənin əməkdaşı Orxan Mehdiyev dünyada mövcud olan verilənlərin emal mərkəzlərinin (VEM) ümumi vəziyyəti, ekoloji fəlakətin törətdiyi fəsadlar, elektrik mənbələr, VEM-də enerji sərfiyyatının paylanması haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ətraf mühitin çirklənməsi səbəbindən erkən ölüm nisbəti AİDS, vərəm və malyariya ilə müqayisədə üç dəfə çoxdur.

“Ətraf mühiti tədqiq edən təşkilatların araşdırmalarının nəticələrinə əsasən, yer üzərindəki xəstəliklərdən və insan fəaliyyətindən qaynaqlanan tarixdə 6-cı kütləvi tükənmə yaşanır”, - deyən məruzəçi qeyd etdi ki, kardinal üsullar tətbiq olunmasa 2070-ci ilə qədər Yer kürəsindəki canlıların çox hissəsi məhv olacaq.

Ekoloji alternativ enerji mənbələri haqqında məlumat verən məruzəçi buraya Günəş, cazibə qüvvəsi, külək, su enerjisi, bio-yanacaq, hidrogen və s. aid olduğunu diqqətə çatdırdı.

O, həmçinin elektrik, elektron, isitmə və soyutma sənayesindəki məhsulların ekoloji bəyannamələri üçün beynəlxalq proqram olan PEPecopassport® barədə danışdı.

Bloom Energy layihəsindən söz açan məruzəçi bildirdi ki, bu layihənin əsas məqsədi enerjini verilənlərin emalı mərkəzlərinin daxilində yaratmaqdır. XXI əsrdə verilənlərin emalı mərkəzlərinin əsas vəzifəsi enerjidən sərbəst şəkildə istifadə və maliyyə  xərclərinin kifayət qədər azaldılmasını təmin etməkdir.

Hazırda dünyada geniş yayılmış yaşıl sertifikat haqqında məlumat verən məruzəçi bildirdi ki, əsasən Avropada istifadə olunan bu sertifikat elektrik enerjisinin istehsalı zamanı alternativ enerji mənbələrindən istifadə edən müəssisələrə təqdim edilir.

O.Mehdiyev dünyada yaşıl İT üzrə fəaliyyət göstərən “IBM”, “Amazon”, “Intel” kimi qabaqcıl şirkətlər, eləcə də Big Green layihəsi haqqında məlumat verdi. Bildirdi ki, bu layihələr verilənlərin emal mərkəzlərinin enerji effektivliyinin artırılmasını nəzərdə tutur.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.