Latın Amerikasında 3D-çap metodu ilə ilk qəsəbə salınacaq

15 May 2019 - 09:54 | Maraqlı məlumatlar
Latın Amerikasında 3D-çap metodu ilə ilk qəsəbə salınacaq

Latın Amerikasında 3D-çap texnologiyasının köməyilə ilk qəsəbənin salınması üzrə layihəyə start veriləcək. Qəsəbə aztəminatlı ailələrin mənzillə təmin edilməsi proqramı çərçivəsində yaradılır.

techcult.ru saytının məlumatına əsasən, layihənin müəllifləri – “New Story” qeyri-kommersiya təşkilatı, “Yves Béhar Fuseproject” dizayner firması və “Icon” tikinti şirkətidir. Ötən il Texasda keçirilmiş “SXSW” festivalında komanda 32 kv. m sahəyə malik çap edilmiş evin konseptual modelini təqdim edib. O, 48 saat ərzində “Vulcan” 3D-printerinin köməyilə yaradılıb. Evin dəyəri cəmi 10000 dollar təşkil edib.

Bildirilir ki, printerin yenilənmiş variantının məhsuldarlığı iki dəfə yüksək olacaq. Portativ printer praktik olaraq, tullantı istehsal etmir. O, elektrik enerjisi, su və lazımi infrastruktur çatışmadıqda iş qabiliyyətini saxlayır ki, bu da xüsusilə ucqar bölgələrdə evlərin qurulması zamanı olduqca əhəmiyyətlidir.

Gələcək evlərdə açıq mətbəxlər, bağ və ev quşlarının yetişdirilməsi üçün yerlər olacaq. Onlar yüksək rütubətliliyi ilə seçilən Cənubi Amerika tropik iqlimi üçün nəzərdə tutulub. Divarlar rahat təmizlənməsi üçün əyilmiş formaya malik olacaqlar. Çap edilmiş qəsəbənin qurulmasına yay aylarında başlanacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.