Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22760 olub.
ICTnews elektron xəbər xidmətinin məlumatına əsasən, ilin əvvəlindən bu günədək 5607 domen qeydiyyatdan keçirilib, 3678-si isə ləğv edilib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1929 domen təşkil edib.
Hazırda Azərbaycanda 21207 .az, 957 .com.az, 178 .edu.az, 123 .org.az, 68 .net.az, 70 .co.az, 38 .int.az, 57 .info.az, 32 .pp.az, 17 .biz.az, 9 .name.az, 1 .mil.az, 1 .pro.az domeni istifadə olunur. Coğrafi adlardan ibarət 3 domen adı qeydə alınıb: gence.az, sheki.az, ganja.az.
Son üç ildə .az domen zonasında kəskin artım müşahidə olunur. 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə 4387, 2012-ci ildə 5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb. Bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.