AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
“Terminoloji idarəetmə sistemlərinin qiymətləndirilməsi” mövzusunda məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko qiymətləndirmə sisteminin intellektual fəaliyyəti və nəticələrinin müəyyənləşdirilməsi, hüquqi qorunması və rasional istifadəsinə yönəldilən obyektlər, subyektlər, məqsədlər, metodlar, alətlər, eləcə də idarəetmə mexanizmləri haqqında ətraflı məlumat verdi. O, intellektual fəaliyyətin nəticələrinin qiymətləndirilməsinin innovativ potensiala malik olduğunu qeyd etdi.
S.Fomenko terminoloji idarəetmə sistemlərinin qiymətləndirilməsi üçün sistem modelindən bəhs edərək bildirdi ki, onların idarəetmə obyekti elmi təşkilat və ali təhsil müəssisələrində elmi araşdırmaların gedişatında əldə olunmuş intellektual fəaliyyət nəticəsində aşkar edilmiş terminlərdir.
O, həmçinin qiymətləndirilmənin hansı üsullarla həyata keçirilməsi və terminoloji idarəetmə sisteminin qiymətləndirilməsi infrastrukturunun formalaşdırılması prinsiplərini də diqqətə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.