Rusiyanın “Flex Databases” şirkətinin mütəxəssisləri ilk dəfə olaraq, dərmanlara nəzarət üzrə sistemdə süni intellektdən (“Anya” neyroşəbəkəsi) istifadə ediblər. Özü öyrənən sistem siqnalları, dublikatları tapmalı və preparatlara qarşı arzuolunmaz reaksiyalar haqqında mesajları avtomatik kodlaşdırmalıdır. Dərman qəbulu və arzuolunmaz reaksiya arasında səbəb-nəticə əlaqəsinin mövcudluğunu təsdiq edən bir və ya bir neçə mənbədən gələn mesajlar siqnal hesab edilir. Sistem 30 saniyə ərzində 10-a qədər siqnalı 5-ci dərəcədə emal edə bilər.
meddaily.ru saytının məlumatına görə, preparatın qeydiyyatı zamanı onun əks təsirlərinin yalnız 50 faizi aşkarlanır. Bu, yalnız ən çox rast gəlinən və ya allergik reaksiyalara aiddir. Sistem məlumatları toplayır, qeydiyyatdan keçmə zamanı dərmanların təhlükəsizliyinə nəzarət edir və preparatın satışı ilə bağlı risklər haqqında daha dolğun və dəqiq informasiya verir. Konkret preparatın istifadəsi ilə bağlı arzuolunmaz reaksiyalar haqqında böyük həcmli məlumatların daxil olması zamanı dərman şirkəti həmin preparatın dövriyyədən çıxarılması barədə qərar qəbul etməlidir.
“Neyroşəbəkənin hazırlanması, həmçinin onun dərmanlara nəzarət sistemində tətbiq edilməsi bu prosesi sürətləndirmək və əllə işləmə zamanı qaçılmaz səhvlərin olması ehtimalını azaltmaq arzusundan irəli gəlib. Bizim fikrimizcə, “Anya” dərmanlara nəzarət sisteminin əsas məqsədlərinə çatmağa daha effektiv kömək edir. Bu məqsədlərə dərmanın təhlükəsizliyinin qiymətləndirilməsi, arzuolunmaz reaksiyaların risklərinin, xüsusilə, preparatın xəstəliyə təsirinin və ölüm göstəricisinin təyin edilməsi aiddir. Bu kimi qarşılıqlı əlaqələr nə qədər tez aşkar olunarsa, apteklər və müalicə-profilaktika müəssisələri vasitəsilə pasiyentlərə təqdim edilən dərmanlar da bir o qədər təhlükəsiz olacaq”, – deyə “Flex Databases”in korporativ inkişaf və keyfiyyət üzrə direktoru Olqa Loqinovskaya bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.