Təhsil prosesinin idarə olunmasında Data Mining metodlarının tətbiqi məsələləri araşdırılır

05 Aprel 2019 - 09:30 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Gülarə Məmmədova “Təhsil prosesinin idarə olunmasında Data Mining metodlarının tətbiqi” adlı məruzəni təqdim etdi. O, bildirdi ki, rəqəmsal texnologiyaların geniş yayılması və inkişafı elektron təhsildə çox miqdarda məlumatların toplanmasına gətirib çıxarır və bu məlumatların təhlili, eləcə də emalı üçün intellektual idarəetmə sistemləri geniş istifadə olunur. Qeyd etdi ki, bu vasitələrdən biri hesab olunan Data Mining texnologiyası böyük həcmli verilənlərdən insan fəaliyyətinin müxtəlif sferalarında qərarların qəbul olunması zamanı lazım olan faydalı və yeni informasiyanın tapılması üçün istifadə edilir.

Məruzəçi elektron təhsilin idarə olunması üçün tədris prosesinin vəzifələrinin müəyyənləşdirilməsinin və həlli vacib olan məsələlərin nəzərdən keçirilməsinin zəruri olduğunu bildirdi. O, elektron təhsildə Data Mining texnologiyalarının köməyi ilə tədris kontentinin intellektual analizinin (EDM – Educational data mining) və bu metodların tətbiqinin tələbələrin təqdim olunan tədris materiallarını daha yaxşı başa düşməsini təmin edəcəyini vurğuladı.

G.Məmmədova qeyd etdi ki, EDM-dən istifadə etməklə həll olunan maarifləndirmə prosesində mövcud problemlərə baxış, EDM-in əsas metodlarının tədqiqi, EDM-in tətbiq edilmə sahələrinin öyrənilməsi və məlumatların analizi üçün alətlər dəstinin hazırlanması vacib məsələlərdəndir.

Məruzəçi böyük həcmli məlumatların emalı üçün informasiyanın yenidən emalının zəruri olmadığını, bu modellərin kiçik kəsimlər əsasında qurulduğunu və onların bütün çoxluğa tətbiq etməyin mümkün olduğunu bildirdi.

G.Məmmədova məsələlərin Data Mining-in klassifikasiya, reqressiya, klasterizasiya, assosiasiya, ardıcıllıq kimi metodları vasitəsilə həlli üsullarından danışaraq bu metodların hər biri haqqında ətraflı məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.