“Facebook” fikirləri oxuyan qurğu yaratmağı planlaşdırır

15 Mart 2019 - 10:00 | Maraqlı məlumatlar
“Facebook” fikirləri oxuyan qurğu yaratmağı planlaşdırır

“Facebook”un yaradıcısı Mark Zukerberq bu günlərdə Harvard Universitetinə müsahibə verib. Müsahibə zamanı o, şirkətin gələcəyə dair planlarından, xüsusilə də aparat təminatı məsələlərindən danışıb.

Zukerberqin sözlərinə görə, insanlara virtual və əlavə edilmiş reallıqda fikrin gücü ilə hərəkət etməyə imkan verən neyrointerfeys hazırlanır. Başqa sözlə, bu sistem “fikirləri oxumalıdır”.

Zukerberqin təsvir etdiyi qurğu elektrod və tənzimləyici dəstə malik üzgüçülük papağına bənzəyəcək. igromania.ru saytının məlumatına əsasən, sistem beynin elektrik fəaliyyətini analiz edəcək, eləcə də istifadəçinin başının müxtəlif sahələrində qan dövranının xarakteristikasını izləyəcək. Yeni texnologiya VR və ya AR eynəklər ilə, həmçinin ağıllı qurğularla sinxronlaşdırılacaq.

Bundan əlavə, Zukerberq əlavə edilmiş reallığın köməyi ilə real dünyanın rəqəmsal qatını yaratmağı da planlaşdırır. O, iş prinsipinə görə “Magic Leap” versiyasına bənzəyir. Bu qat mühəndisə haşiyələri çıxartmadan mühərrikin işini “görməyə” imkan verəcək. Bu zaman ona ixtisaslaşdırılmış proqram quraşdırılmış smartfonun və ya planşetin kamerasının yönəldilməsi kifayətdir.

Yenilikərin hazırda hansı mərhələdə olması barədə hələ ki, məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.