İnstitutun kollektivi “Azərbaycan Xalça muzeyi”ndə ekskursiyada olub

11 Mart 2019 - 11:04 | Maraqlı məlumatlar

Martın 7-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun 50 nəfərdən ibarət heyəti institutun Qadınlar Təşkilatı və Həmkarlar komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalça muzeyi”ndə ekskursiyada olublar.

Ekskursiya zamanı institut əməkdaşlarına Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi-tədqiqat ekspedisiyalarının nəticəsi olaraq ölkənin maddi-mədəni sərvətləri ilə zənginləşmiş muzey fondu haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, muzeydə zəngin və çeşidli Azərbaycan xalçaları, xalça məmulatları və xalq sənətinin digər növləri toplanıb. “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdirən muzey fondunda 10139 ədəd eksponat saxlanılır.

Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyaların qorunduğu və kolleksiyaların böyük hissəsinin XVII-XX əsrlərə aid olduğu bildirilib.

Muzey institut əməkdaşlarının böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.