Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
İclasda AR Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Kimya Elmləri Bölməsinin akademik-katibi v.i.e., akademik Vaqif Fərzəliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, həmçinin respublikanın gənclər təşkilatlarının nümayəndələri və akademiyanın gənc alim və tədqiqatçıları iştirak ediblər.
İclasda hesabat məruzəsi ilə çıxış edən GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən hesabat ilində Akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və Şuranın illik fəaliyyət planına uyğun olaraq işlər həyata keçirilmiş, bir sıra yeni layihələr icra edilmişdir.
F.Salmanov şuranın yerinə yetirdiyi elmi-ictimai fəaliyyətin gənclərin elmə marağının artmasına səbəb olduğunu, onların Azərbaycan və dünya elminə töhfələr verməsi ilə nəticələndiyini vurğulayıb. Onun sözlərinə görə, bu sahədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasına göstərilən diqqət və qayğının təsiri böyükdür.
F.Salmanov akademiyanın müxtəlif elmi bölmələri üzrə institutların təqdim etdikləri illik mühüm elmi nəticələrin sırasında gənclərin nailiyyətlərinə də geniş rast gəlinməsini sevindirici hal kimi qiymətləndirib. Bildirib ki, molekulyar biologiya, kimya, fizika-texnika, yer elmləri və digər sahələrdə beynəlxalq səviyyəli müştərək tədqiqatlara qoşularaq mühüm nəticələrə imza atan və həmin nəticələri “Web of Science” elmi bazalarında indeksləşmiş yüksək impakt faktorlu jurnallarda dərc etdirən gənc alim və mütəxəssislərin sayı ildən-ilə artmaqdadır.
Şura sədri hesabat ilində tələbələrin innovasiya fəaliyyətinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlığa önəm verildiyini vurğulayıb. Qeyd edib ki, cari ildə Azərbaycan Texniki Universitetində (AzTU) “Elmin sürət qatarı” layihəsinin təqdimatı keçirilib. Onun sözlərinə görə, AzTU tələbələri İT və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətindədirlər.
Şuranın elm və təhsilin vəhdətinin möhkəmləndirilməsi siyasətinə uyğun olaraq öz fəaliyyətini genişləndirməkdə olduğunu diqqətə çatdıran F.Salmanov artıq ayrı-ayrı institutlardakı gənclər şuralarının “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində şəhər və rayon məktəblərindəki “Kiçik Akademiya”lar ilə sıx əməkdaşlıq etdiyini söyləyib. O, AMEA-nın AR Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi “Sabahın alimləri” yeddinci respublika müsabiqəsi çərçivəsində sabahın alimi olmağa iddialı olan məktəblilərin layihələrinin hazırlanmasında gənc mütəxəssislərimizin böyük rolu olduğunu bildirib.
“Akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və əldə olunan nailiyətlərin geniş ictimaiyyətə çatdırılmasında və gələcəyin alimi olan istedadlı şagirdlərdə elmə marağın formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA-nın institut və təşkilatlarında “Açıq qapı” günlərinin keçirilməsidir”, – deyən şura sədri bu təşəbbüsün hesabat ili ərzində də davam etdirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, demək olar ki, bütün bölmələr üzrə institutlarda qrup halında məktəblilərin AMEA-nın elmi-texniki bazaları ilə tanışlığı baş tutmuşdur.
F.Salmanovun sözlərinə görə, gənclərin fəaliyyətinin stimullaşdırılmasının həlledici vasitəsi olan müsabiqələr artıq ənənə halını almaqla, öz əhatə dairəsini də genişləndirməkdədir. Bu kimi müsabiqələrdən olan “İlin gənc alimi”, “İlin tədqiqat layihəsi”, “Ən yaxşı elmi məruzə” 2018-ci ildə əksər institutlarda keçirilmişdir. Eyni zamanda Akademiyanın institutlarında gənclər üçün təsis olunan adlı mükafatların verilməsi prosesi 2018-ci ildə də davam etdirilmişdir.
GAMŞ-ın sədri ötən hesabat ilində də Akademiyanın institutlarının gənclər üçün bir neçə beynəlxalq konfrans və simpoziumlar təşkil etdiyini vurğulayıb: “Sevindirici haldır ki, bəzi institutlarda gənclər üçün ixtisaslaşmış beynəlxalq konfransların keçirilməsi ənənə halını almışdır. Bu qəbildən olan “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” mövzusunda VII beynəlxalq elmi konfransı və “Ailə və uşaq psixologiyası” ikinci beynəlxalq elmi-praktik konfransını xüsusi qeyd etmək olar”.
F.Salmanov Şura tərəfindən həyata keçirilən ictimai tədbirlər, beynəlxalq əməkdaşlıq əlaqələri, gənclərin mükafatlandırılması və s. işlər haqqında da ətraflı məlumat verib.
Sonda təşkilat rəhbəri vurğulayıb ki, Gənc Alim və Mütəxəssislər Şurası gənclərin fəaliyyətini koordinasiya edən qurum kimi Azərbaycan elminin parlaq sabahı üçün daima yeni hədəflər və ideyalar axtarışındadır. O, bundan sonra da AMEA gənclərinin elmi inkişafına xidmət edən istənilən təşşəbüsü real imkanlara çevirməyə çalışacaq.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.
İclasda İntiqam Babayev, akademiklər – İsa Həbibbəyli və Dilqəm Tağıyev, Gənclər üçün Prezident mükafatçısı, Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, AR Gənclər və İdman Nazirliyi tərəfindən 2018-ci ildəki uğurlu fəaliyyətinə görə diplomla təltif olunan AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İskəndərli, AMEA Yüksək Texnologiyalar Parkının Patent, Sertifikatlaşdırma, Marketinq, Biznes İnkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə və digərləri çıxış edərək Şuranın hesabatını yüksək qiymətləndirib, ölkəmizdə aparılan gənclər siyasətindən danışıblar.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun GAMŞ sədri Nərmin Adıgözəlova şuranın 2018-ci üzrə qərar layihəsini təqdim edib.
Sonda hesabat yekdilliklə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.