“İdeyadan Biznesə” layihəsinin ikinci mərhələsinə start verilir

13 Fevral 2019 - 15:20 | Mühüm hadisələr
“İdeyadan Biznesə” layihəsinin ikinci mərhələsinə start verilir

2018-ci ildən etibarən icrasına başlanan “İdeyadan Biznesə” layihəsi çərçivəsində cari ildə də bir sıra innovativ tədbirlərin keçirilməsi nəzərdə tutulur. Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə 2019-cu ildə də paytaxt Bakını və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil ediləcək.

AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” startap turlarının növbəti mərhələsinə fevralın 21-də Mingəçevir şəhərində start veriləcək. Cari ilin ilk startap turunda ətraf rayonların innovativ ideyası olan sakinləri də iştirak edə bilərlər.

Nazirlikdən verilən məlumata görə, il ərzində startap turları Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək.

Startap turu çərçivəsində iştirakçılara informativ sessiya, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək.

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunur, ikinci hissədə onlar ideyalarını münsiflər heyəti qarşısında təqdim edirlər. Seçilmiş layihələr birincilik uğrunda mübarizə aparır. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutur. Bu mərhələnin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirir. Qalib layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.

Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərini mükafatlandıracaqlar. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Turlarda “i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 13-ü respublika finalında iştirak hüququ qazanıb.

Finalda 3 layihə qalib olub, daha 4 layihə isə, tərəfdaşlar tərəfindən mükafatlandırılıb.