Böyük Britaniyanın “Orbex” startapı “Prime Rocket” raketinin ikinci pilləsini təqdim edib. Bu, üçölçülü printer vasitəsilə çap edilən ən böyük raket mühərrikidir. Mühərrik daxil olmaqla, raketin uzunluğu 17 metr təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, bu, “SpaceX Falcon 9” raketinin hündürlüyünün təxminən dörddə bir hissəsinə bərabərdir.
Startap nümayəndələrinin sözlərinə görə, bu, 3D-printerdə çap edilməklə oyuq və birləşmələrdən istifadə etmədən yaradılan ilk raket mühərrikidir. Bu isə o deməkdir ki, raket digər kiçik sürətləndiricilərlə müqayisədə 30 faiz yüngül və 20 faiz məhsuldar olacaq. Qaynaq və birləşmələrin olmaması sayəsində aparat ekstremal temperatura və təzyiq dəyişkənliyinə daha yaxşı dözəcək.
Bundan başqa, raket biopropandan karbon tullantılarını 90 faiz azaldan bərpa olunan təmiz yanacaq yandırılmasından istifadə üçün nəzərdə tutulub.
naked-science.ru saytının məlumatına əsasən, “Orbex” Şotlandiyanın Saterlend şəhərində 2021-ci ilə planlaşdırılan buraxılış üçün hələ tikilməmiş kosmodromu seçməklə ciddi nailiyyətlər əldə edib. Startap, həmçinin İsveçrənin “Astrocast” texniki şirkəti ilə 64 nanopeykin buraxılışı haqqında tərəfdaşlıq sazişi imzalayıb. Onlar vasitəsilə qlobal “Əşyaların İnterneti” şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Raket mühərrikinin çapı yüksək templərlə inkişaf edən kosmik sənayedə özəl sektorun növbəti artım mərhələsinin əsasını qoyub. 3D-çap texnologiyası bu prosesi daha da sürətləndirməyə kömək edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.