Yaponiya kibertəhlükəsizlik səviyyəsinə görə birinci olub

08 Fevral 2019 - 12:40 | Maraqlı məlumatlar
Yaponiya kibertəhlükəsizlik səviyyəsinə görə birinci olub

Britaniyanın “Comparitech” tədqiqat şirkəti kibertəhlükəsizlik səviyyəsi üzrə dünya ölkələrinin reytinqini tərtib edib. Reytinq cədvəlinin birinci pilləsində Yaponiya, sonuncuda isə Əlcəzair qərarlaşıb.

hitech.newsru.ru saytının məlumatına əsasən, reytinqdə ölkələrin mövqeyi 7 meyar üzrə tərtib edilib. Zərərli proqram təminatı ilə yoluxmuş mobil qurğu və fərdi kompüterlərin payı, pul oğurlamaq məqsədi daşıyan haker hücumlarının sayı, həmçinin bu və ya digər ölkənin haker hücumlarına hazırlığı və müvafiq qanunvericiliyin olması bu meyarlar sırasına daxildir. Hər bir ölkə 0-100 aralığında bal toplaya bilərdi. Toplanmış balın az olması həmin ölkələrin kibertəhlükələrdən daha yaxşı qorunduğunu ifadə edir.

10,6 və 11,2 bal toplayan Fransa və Kanada reytinqdə 2-ci və 3-cü yerləri tutublar. İlk onluğa  Danimarka, ABŞ, İrlandiya, İsveç, Böyük Britaniya, Niderland və Sinqapur daxil olub.  Ekspertlər qeyd edib ki, kiberhücumlara qarşı ən hazır ölkə Sinqapur, ən zəif ölkə isə Vyetnamdır. Bununla yanaşı, onlar Fransa, Çin, Rusiya və Almaniya qanunvericiliyinin kibertəhlükəsizlik sahəsində müasir tələblərə cavab verdiyini açıqlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.