İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirildi

22 Yanvar 2019 - 16:37 | Konfranslar, İclaslar

Akademik Rasim Əliquliyev: “Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir”.

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın cari il üçün ilk iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev institutun struktur bölmələrinin 2019-cu il üçün fəaliyyət planlarının müzakirəsi ilə bağlı çıxış etdi. Alim bildirdi ki, hər il olduğu kimi, cari ildə də aktual problemlərin aşkar olunması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli jurnallarında çap olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulmuşdur. 

R.Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunmasının vacibliyindən danışdı, yüksək peşəkarlığa malik kadrların yetişdirilməsinin zərurliyini qeyd etdi.  

İnstitut əməkdaşlarının qrant layihələrdə iştirakından söz açan R.Əliquliyev ölkəmizdə elm fondlarının respublikada fəaliyyət göstərən alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə geniş imkanlar açdıqlarını və mütəmadi olaraq müsabiqələr elan etdiklərini söylədi. Alim institut əməkdaşlarına ölkə daxilində və beynəlxalq müstəvidə təqdim olunan layihələrdə daha fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə etdi. 

Son illər institutda fundamental-nəzəri problemlərin tədqiqinə böyük əhəmiyyət verildiyini deyən akademik qeyd etdi ki, dərin elmi problemlərin araşdırılması və Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası dövlətin maraqlarına xidmət etməli və fundamental-nəzəri elmlərin inkişafına öz töhfəsini verməlidir.

Alimin sözlərinə görə, dünyada elmi tədqiqatların aparılması ilə bağlı mövcud təcrübə göstərir ki, elmi-tədqiqat müəssisələrinin qrantlarda iştirakının sayı hər bir qurumun elmmetrik göstəricisi hesab olunur. R.Əliquliyev əməkdaşların qrant layihələrdə fəal iştirakının mühüm elmi nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynayacağını bildirdi.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova 2019-cu ildə institutun elmi seminarlarında müzakirə ediləcək mövzular barədə çıxış etdi. Z.Cəbrayılova cari ildə institutun elmi seminarlarında dissertasiya işlərinin və müxtəlif elmi-tədqiqat mövzuları üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinin nəzərdə tutulduğunu dedi. Qeyd etdi ki, “İnstitutun elmi tədqiqatlarında Data Mərkəzin resurslarından istifadə”, “İngilis-Azərbaycan və Azərbaycan-ingilis qrafikalarının transliterasiya metodlarının işlənilməsi”, “Elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi”, “Milli terminoloji informasiya mühitinin OLAP texnologiyaları əsasında analizi və qərar qəbul etmədə tətbiqi imkanları”, “Bulud texnologiyalarında zərərli proqramların aşkarlanması üsulunun işlənməsi”, “Vətəndaşların sosial kredit sisteminin yaradılmasına dair yanaşmalar” cari ildə planlaşdırılan elmi seminar mövzularındandır. Məruzəçi cari ildə, həmçinin  “Beynəlxalq informasiya təhlükəsizliyi günü”nə həsr edilmiş seminarın keçirilməsinin nəzərdə tutulduğunu söylədi.

Sonra çıxış edən akademik Rasim Əliquliyev institutda fəaliyyət göstərən tədqiqatçıların elmi mühitdə sosiallaşmasının daha da intellektuallaşdırılması və dərinləşdirilməsinin vacib məsələlərdən olduğunu qeyd etdi. Bildirdi ki, öyrədici xarakter daşıyan elmi seminarlarda aparılan müzakirələr tədqiqatçıların fəaliyyətlərini daha səmərəli qurmalarına imkan verir. Alimin sözlərinə görə, yüksək istinad indeksli jurnallarda elmi məqalələri nəşr olunmuş əməkdaşların həmin məqalələrdə təklif etdikləri yeni metod və alqoritmlərin ictimailəşdirilməsini təmin etmək məqsədilə cari ildən etibarən elmi seminarlarda məruzələrinin təqdim olunması nəzərdə tutulur.

İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova 2018-ci il hesabatın yekunları haqqında məlumat verdi, institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyətindən danışdı. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, şöbələr üzrə aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülmüş işləri təqdim etdi. Məruzəçi 2018-ci ildə verilmiş tapşırıqların böyük hissəsinin icra olunduğunu diqqətə çatdırdı.

Tədbirdə, həmçinin verilmiş tapşırıqların icra vəziyyətinə dair məlumatların avtomatlaşdırılmasını nəzərdə tutan sistemin işlənilməsi təklifi irəli sürüldü.

Çıxışlar ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.