Məktəblilərə ev tapşırıqlarını yerinə yetirməyə və imtahanlara hazırlanmağa kömək edən “Yuanfudao” startapı 2018-ci ildə 300 milyon (2017-ci il ilə müqayisədə 180 milyon çox) dollar gəlir əldə edib. O zaman startap 1 milyard dollar dəyərində qiymətləndirilirdi. İndi bu göstərici 3 dəfə artıb.
techcult.ru saytının məlumatında bildirilir ki, “Yuanfudao” istifadəçilərə müxtəlif onlayn kurslar, imtahan tapşırıqlarından ibarət baza və ev tapşırıqlarının yerinə yetirilməsi üçün populyar köməkçi proqramlar daxil olmaqla, bir sıra məhsullar təklif edir. Şagird tapşırıq mətnini telefon kamerasına çəkir və dərhal doğru cavabı əldə edir. Startapın süni intellektin öyrənilməsi üzrə xüsusi mərkəzi də fəaliyyət göstərir.
“Yuanfudao”nun əsas investorları olan “Tencent”, “Warburg Pincus”, “Matrix Partners China” və “IDG Capital” şirkətləri layihəyə 120 milyon dollar yatırıblar. Bu vəsait proqramın və süni intellektin daha da təkmilləşdirilməsi üçün istifadə olunacaq. “Yuanfudao” istifadəçilərinin sayı 200 milyonu ötüb. Belə ki, artıq valideynlər də ev tapşırıqlarını yoxlamaq üçün bu proqramdan istifadə edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.