Scribble adlı yeni qurğu kağız üzərində və ya sensor ekranda istənilən rəngi yadda saxlaya və təsvir edə bilən universal qələmdir
Kaliforniyada işlənib hazırlanan Scribble qurğusu 2 versiyada təqdim olunub. Scribble Ink istənilən rəngi tanıyan və onu yüksək dəqiqliklə kağız üzərində təsvir edən qələmdir. Scribble Stylus isə sensor ekranla işləmək üçün nəzərdə tutulub.
Qurğunun xarici görünüşü adi markerlərdən çox az fərqlənir. Lakin bu qələmlər rəng skaneri, təxminən 100 rəng nümunəsini saxlamaq üçün 1 qb həcmli yaddaş, akkumlyator, eləcə də MicroUSB konnektoru ilə təchiz olunub. Bundan başqa, hər bir qurğu üçün ucluq dəsti təklif edilir ki, onlar da xətlərin qalınlıq şəklini dəyişdirməyə imkan verir. Scribble Ink qələmi adi şırnaqlı printerdə olduğu kimi, əlavə olaraq mürəkkəbli kartric dəsti ilə təchiz edilib.
hitech.newsru.com saytının məlumatına görə, istehsalçılar, həmçinin iOS, Android və Windows Phone platformaları üçün xüsusi mobil proqram təqdim ediblər. Onların köməyilə rəng nümunələrini saxlamaq və şəxsi çalarlar yaratmaq mümkündür. Proqram və Scribble qurğusu arasında məlumat mübadiləsi Bluetooth-un köməyilə həyata keçirilir.
Scribble Ink və Scribble Stylus çoxsaylı rəngli karandaş dəstlərini əvəz edərək uşaqların işinə yarayacaq. Eləcə də rənglərlə peşəkar şəkildə işləyən şəxslərin - dizayner və rəssamların köməyinə çatacaq. Yeni qələmlər ekoloji cəhətdən də əhəmiyyətlidir. Belə ki, Scribble qurğularından istifadə adi markerlərə tələbatı azaltmaqla yanaşı, tullantının da qarşısını alacaq: istifadəçi bu qələmləri tullamayacaq.