AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “İnternetdə uşaqların təhlükəsizliyinin təmin olunmasında verilənlərin sanitarizasiyasının rolu” mövzusuna həsr olunmuş məruzəni təqdim edən institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva hazırda mütəxəssisləri ən çox narahat edən məsələlərdən birinin verilənlərin onlayn mühitdə təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd etdi.
Məruzəçinin sözlərinə görə, Verilənlərin Sanitarizasiyasının (VS) mahiyyəti həssas, fərdi, məxfi, konfidensional, tövsiyə olunmayan və bu kimi digər məlumatların geniş ictimaiyyətə çatdırılmasının qarşısını almaqdan və ya müəyyən məhdudiyyətlərin tətbiq olunmasından ibarətdir. S.Ocaqverdiyeva qeyd etdi ki, sanitarizasiya sənəd daxilində olan həssas məlumatları aradan qaldırmaqla sənədlərin təsnifat səviyyəsini formalaşdırır, həssas məlumatları təmizləyir, zərərli kontentin qarşısını alır, məlumatların konfidensionallığını təmin edir, eləcə də yaddaş qurğularının təmizlənməsini həyata keçirir.
VS-in disklərin, qeydiyyatın, faylların, USB-nin, qovluqların sanitarizasiyası kateqoriyalarının mövcud olduğunu bildirən məruzəçi bu terminin verilənlərin silinmə üsulu, silmə alqoritmi, verilənlərin təmizlənmə üsulu, verilənlərin silinməsi standartı kimi adlandırıldığını da söylədi.
VS-in icra alqoritmləri haqqında məlumat verən məruzəçi bu alqoritmlərin iş prinsipinin eyni olduğunu, keçidlərin təsvirində və sayında fərqlərin mövcud olduğunu qeyd etdi.
S.Ocaqverdiyeva əldə olunan nəticələri təqdim edərək VS metodlarının tətbiqi ilə uşaqları İnternetdə mövcud olan qanunazidd və təhlükəli kontentdən qorumaq üçün müxtəlif mexanizmlərin işlənilməsinin vacibliyini diqqətə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.