“AMEA-nın magistrantları” informasiya sistemi yaradılacaq

20 Dekabr 2018 - 12:11 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “AMEA-nın magistrantları” informasiya sisteminin yaradılması məsələsi müzakirə olundu.

Bu barədə mərkəzin əməkdaşı, proqramçı Raqif İsmayılov çıxış edərək bildirdi ki, sistemdə elmi müəssisələr, ixtisaslar, qruplar, dərs cədvəli, müəllimlər, fənnlər, semestrlər, tələbələr, jurnallar, imtahan qabağı ballar və suallar, yekun ballar və digər bölmələr öz əksini tapacaq.

Onun sözlərinə görə, imtahanların götürülməsi üçün müəllimlərin hazırladıqları suallar elektron test sisteminə daxil olunacaq və tələbələr təyin olunmuş vaxtda sistem vasitəsilə imtahandan keçərək topladığı balı sistemdə imtahanın nəticəsi kimi qeyd edəcəkdir.

Sistemin 3 hissədən (administrator, müəllim və tələbələr) ibarət olmasının nəzərdə tutulduğunu deyən R.İsmayılov qeyd etdi ki, administratorun səlahiyyətlərinə ilkin məlumatların sistemə daxil edilməsi, semestr müddətində jurnallara nəzarət və lazımı düzəlişlərin aparılması, sistemdən müxtəlif tədris illəri üçün sorğu və hesabatların əldə olunması daxildir.

O, həmçinin bildirdi ki, müəllimlər sistemdə mövzuları və dərs saatlarını, tələbələrin davamiyyətini, kollekviumları, kurs işlərini qeyd edəcək və hər bir prosesdə təsdiqləmə işini yerinə yetirəcək. Tələbələr isə semestr müddətində onlara təqdim olunan istifadəçi adı və şifrə vasitəsilə jurnalda baş verən proseslərə nəzər yetirə, imtahan nəticələrini öyrənə və yekun nəticələr haqqında məlumat əldə edə bilər.

Sonda sistemin işlənilməsinə dair müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.