Akademik R.Əliquliyev: “Ölkəmizdə fəaliyyət göstərən veb-saytların statistik-analitik mexanizmləri işlənilməlidir”

17 Dekabr 2018 - 09:13 | Müsahibələr, çıxışlar
Akademik R.Əliquliyev: “Ölkəmizdə fəaliyyət göstərən veb-saytların statistik-analitik mexanizmləri işlənilməlidir”

Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransında çıxışı zamanı səsləndirib.

AMEA-nın akademik-katibi ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirən veb-saytların statistik-analitik mexanizmlərinin işlənilməsinin zəruriliyindən danışaraq bildirib ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması bu istiqamətdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsini zəruri edir.

Alim Azərbaycanda pilotsuz uçuş aparatlar – dronlardan istifadə sahəsində ciddi problemlərin olduğunu nəzərə çatdırıb: “Bu sahədə qanunvericilik bazasının mövcud olmaması dronların ölkəyə gətirilməsi və bu aparatlardan istifadə ilə bağlı problemlərə səbəb olur, dronları sertifikatlaşdıran hüquqi sənədin hazırlanması vacib məsələlərdəndir”.

Akademik R.Əliquliyev qeyd edib ki, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən irəli gələn qanunlar qəbul edilməli, normativ-hüquqi sənədlərin praktikada geniş tətbiqi üçün kompleks tədbirlər görülməlidir. AMEA da, öz növbəsində qanun layihələrinin hazırlanmasında müvafiq qurumlarla birgə fəaliyyət göstərməlidir.

Son zamanlar cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı meydana çıxan problemlərdən danışan alim insanların şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatların qorunması sahəsində boşluqların olduğunu, sosial şəbəkələrdə təhdidlərin vüsət aldığını diqqətə çatdırıb.

R.Əliquliyev inkişaf etmiş ölkələrdə informasiya cəmiyyəti ideyasını həyata keçirən İnformasiya Ombudsmanı İnstitutunun fəaliyyət göstərdiyini deyib. Akademik dünya təcrübəsini nəzərə alaraq, ölkəmizdə də belə bir institutunun yaradılmasının, bu istiqamətdə ciddi tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.