Bakı Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi

06 Dekabr 2018 - 14:27 | Mühüm hadisələr

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşir. 

Bu mərkəzdə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur.

Nazirlikdən verilən məlumata görə, “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən əlavə, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Yeni açılan mərkəzdə, digər şəbəkələrdən fərqli olaraq “Azercell Express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.

Bütün “Şəbəkə”lər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram günləri də vətəndaşların xidmətindədir. 

“Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Şəbəkə” layihəsinə 2017-ci ilin fevral ayından start verib. Cari ilin 11 ayı ərzində respublika üzrə fəaliyyət göstərən mövcud 8 “Şəbəkə” Xidmət Mərkəzinə 930 min nəfərə yaxın insan müraciət edib. Gələcəkdə ölkənin bütün böyük şəhər və rayonlarında, eyni zamanda paytaxtda yeni mərkəzlərin açılması planlaşdırılır.