Sənaye alpinistlərini əvəz edəcək dron təqdim olunub

06 Dekabr 2018 - 09:38 | Texnoloji yeniliklər
Sənaye alpinistlərini əvəz edəcək dron təqdim olunub

Latviyanın “Aerones” startapı göydələnlərin şüşələrini təmizləyən sənaye alpinistlərini əvəz edəcək pilotsuz uçuş aparatını təqdim edib.

cumgeek.com saytının məlumatına görə, dron ona 350 metrədək hündürlüyə qalxmağa imkan verən 12 mühərriklə təchiz olunub. Çəkisi 55 kq, eni isə 3 metr olan aparatın işinə operator kameraların köməyilə nəzarət edir. Dronun enerji ilə doldurulmasını onun kabel vasitəsilə qoşulduğu, yerdə olan batareya təmin edir.

“Aerones” mütəxəssisləri aparata, hətta küləkli hava şəraitində işləməyə imkan verən stabilizasiya sistemi hazırlayıblar. Bundan başqa, binanın damına bərkidilmiş kəndir dronun yoldan keçənlərin başına düşməsinin qarşısını alır. Qurğu pəncərəni yumaq üçün şlanqı havaya qaldıraraq, böyük təzyiq altında suyu sıçradır.

İstehsalçılar iddia edirlər ki, yeni dron pəncərələri sənaye alpinistlərindən 20 dəfə sürətli yuyur. Bununla yanaşı, aparat digər vacib işləri də (məsələn, külək generatorunu buz qatından təmizləmək) yerinə yetirə bilir.

Startap dronun həm də yanğınların söndürülməsi üçün istifadə olunmasının mümkünlüyünü əks etdirən videoçarxını təqdim edib. Bildirilib ki, 70 metrədək hündürlükdə yanğını söndürməyə imkan verən yanğınsöndürən maşından fərqli olaraq, uçuş aparatının “yanğınsöndürən modifikasiyası” 300 metrədək hündürlüyə qalxa bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.