Əşyaların İnterneti texnologiyalarının neft-qaz kompleksində tətbiqinin konseptual modeli işlənib

05 Dekabr 2018 - 09:56 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 11 saylı şöbənin 2018-ci ili əhatə edən hesabatı müzakirə olundu. İnstitutun direktor müavini, şöbə müdiri Şakir Mehdiyev hesabatı təqdim edərək bildirdi ki, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində tədqiqatlar aparılmışdır.

Cari ildə neft-qaz kompleksində Əşyaların İnterneti texnologiyalarının tətbiqi sahəsində dünya təcrübəsinin analizi üzrə aparılan tədqiqatlardan söz açan məruzəçi bu sahədə mövcud texniki (sensorlar, rabitə, şəbəkə, serverlər, hesablama, yaddaş avadanlıqları və s.) və proqram vasitələrinin tədqiq olunduğunu qeyd etdi.

Şöbə müdiri Əşyaların İnterneti texnologiyalarının neft-qaz kompleksində tətbiqinin arxitektur-texnoloji prinsipləri və konseptual modelinin işləndiyini, e-elm infrasturukturunun enerji təhlükəsizliyi problemlərinin araşdırıldığını və enerji təminatı sisteminin təklif olunduğunu bildirdi.

Şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edən Ş.Mehdiyev bu istiqamətdə AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsinin davam etdirildiyini, AMEA-nın institut və təşkilatlarında İKT yönümlü proqram-mühəndislik işlərinin yerinə yetirildiyini nəzərə çatdırdı.

O həmçinin, şöbə əməkdaşlarının tanınmış elmi jurnallarda məqalələrinin nəşri, şöbənin elmi-pedoqoji fəaliyyəti, elmi-texniki konfraslarda, seminarlarda, simpoziumlarda iştirakı və elmi-praktiki nəticələrin KİV-də təbliği, reklam-marketinq işlərinin təşkili barədə məlumat verdi.

Sonda hesabat ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.