Azərbaycanda elektron təhsildə adaptiv texnologiyaların tətbiqi imkanları araşdırılır

29 Noyabr 2018 - 12:34 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 10 saylı şöbənin 2018-ci ili əhatə edən hesabatı müzakirə olundu. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev hesabatı təqdim edərək şöbədə informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması istiqamətində elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi mövzusu üzrə tədqiqatların aparıldığını dedi. Bildirdi ki, bu mövzu  üzrə elektron təhsildə tədrisin idarəsi sistemləri (LMS) tədqiq edilmiş, xarici ölkələrdə elektron tədrisin idarə edilməsi imkanları araşdırılmış, müqayisə əsasında tədris müəssisələrində optimal LMS seçilmişdir.

Şöbə müdiri, həmçinin elektron tədris mühitində adaptiv texnologiyaların tətbiqi, elektron təhsildə tədris prosesinin planlaşdırılması və təşkili üçün adaptiv texnologiyalarının tədqiqi, adaptiv texnologiyaların istifadəsi ilə tədris materialların əldə olunması üçün metod və alqoritmlərin tədqiqi, eləcə də Azərbaycanda elektron təhsildə adaptiv texnologiyaların tətbiqi məsələlərinin araşdırıldığını qeyd etdi.

F.Ağayevin sözlərinə görə, hesabat ilində elektron təhsildə sosial şəbəkələrin tətbiqi, bulud texnologiyası əsasında təhsil kontentinin formalaşdırılması, elektron təhsilin keyfiyyətinin idarə edilməsi və elektron təhsil mühitinin intelektuallaşdırılması üzrə metodların işlənməsinə dair tədqiqatlar aparılmışdır.

O, həmçinin şöbə əməkdaşlarının respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakı, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri, şöbənin elmi-pedoqoji və elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər barədə məlumat verdi.

Hesabat ilə bağlı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.