AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2018-ci il üzrə hesabatının müzakirəsinə həsr olunmuş növbəti seminarı keçirildi. Hesabatı təqdim edən şöbə müdiri Mədinə Səidova şöbədə yerinə yetirilən elmi-tədqiqat işlərindən söz açdı. Məruzəçi e-elmin formalaşması problemləri üzrə elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, beynəlxalq akademik bazalarda mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunma yolları, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və s. istiqamətlərində araşdırmaların aparıldığını qeyd etdi.
O, həmçinin cari ildə “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işinin müdafiəsinin keçiriləcəyini diqqətə çatdırdı.
M.Səidova cari il ərzində elmi-innovasiya və praktiki fəaliyyət, elmi-pedaqoji fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili, kadr potensialının gücləndirilməsi və digər cari işlər haqqında da ətraflı məlumat verdi.
Hesabat ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
Seminarda, həmçinin 14 dekabr 2018-ci il tarixində institutda keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransına təqdim olunacaq məqalələr müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.