“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans öz işinə başladı

15 Noyabr 2018 - 16:56 | Konfranslar, İclaslar

15 noyabr 2018-ci il tarixində Sumqayıt Dövlət Universitetində (SDU) bu qurum və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.

Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, professor Elxan Hüseynov konfransın müasir dövrdə mühüm əhəmiyyət kəsb edən məsələlərə həsr olunduğunu bildirdi, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə və Qazaxıstandan olan alimlərin də iştirak etdiyini söylədi.

Bu gün ölkəmizdə informasiya texnologiyalarının inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini qeyd edən məruzəçi dövlət siyasətinin əsas hədəflərindən birini də məhz informasiya cəmiyyətinin, biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın, yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsinin təşkil etdiyini vurğuladı. Rektor ölkə Prezidenti İlham Əliyev tərəfindən 15 mart 2012-ci il tarixində “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında” Sərəncam imzalanmasının bu sahənin inkişafına təkan verən amillərdən olduğunu dedi.

E.Hüseynov son zamanlar SDU-da informasiya texnologiyalarının tətbiqinə dair genişmiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edərək bu məqsədlə universitetdə elektron kitabxananın yaradıldığını, eləcə də elektron universitetin yaradılması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırdı.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək konfransın keçirilməsinin əhəmiyyətindən danışdı, onun aktual məsələlərə həsr olunduğunu söylədi.

Ölkəmizdə böyük təntənə ilə qeyd olunan “Cümhuriyyət ili” çərçivəsində belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edən direktor müavini müasir dövlətin dayanıqlı inkişafı və təhlükəsizliyinin əsasında elmi-texnoloji biliklərin dayandığını vurğuladı.

R.Ələkbərov konfransın müvafiq dövlət siyasətinin həyata keçirlməsinə elmi dəstək verdiyini söylədi. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da yüksək texnologiyalar sektorunun rəqabətqabiliyyətli inkişafı üçün elmi-texniki potensialın gücləndirilməsi, bu sektor ilə elmi tədqiqatlar arasında əlaqənin möhkəmləndirilməsi, dünya təcrübəsindən istifadə etməklə informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması əsas məqsədlərdəndir.

Məruzəçi SDU və AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlığın əsasında elm və təhsilin inteqrasiyasına dair dövlət siyasətinin dayandığını, iki qurum arasında artıq uzun müddətdir ki, elmi əməkdaşlıq əlaqələrinin formalaşdığını bildirdi. O, hər iki qurumun əməkdaşlarının birgə elmi konfranslarda fəal iştirak etdiklərini, AR Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi, elm və təhsilin inteqrasiyasına aid qrant layihəsini həyata keçirdiklərini diqqətə çatdırdı.

Hazırda AMEA-da aparılan islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyasının təşkil etdiyini söyləyən R.Ələkbərov AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə əməkdaşlıq əlaqələrinin formalaşdığını nəzərə çatdırdı: “AMEA-nın elmi müəssisə və təşkilatlarını İnternet xidmətləri ilə təmin edən AzScienceNet elm-kompüter şəbəkəsi ilə Azərbaycanın təhsil şəbəkəsi olan AzEduNet arasında işgüzar münasibətlər formalaşmışdır. Bu məqsədlə artıq ölkəmizin bir sıra ali təhsil müəssisələri Avropanın elm və təhsil şəbəkəsi olan GEANT-da milli operator kimi Azərbaycanı təmsil edən akademiyanın AzScienceNet-ə qoşulmaqla GEANT-ın təqdim etdiyi geniş İnternet xidmətlərindən istifadə etmək imkanları əldə etmişlər”. Artıq 15 ali təhsil müəssisəsinin bu şəbəkəyə qoşulduğunu qeyd edən institutun direktor müavini yaxın gələcəkdə SDU-nun da AzScienceNet-ə qoşulmasının nəzərdə tutulduğunu dedi.

İnformasiya Texnologiyaları İnstitutunun bu universitetdə keçirilən əvvəlki konfranslarda olduğu kimi, cari ildə də yüksək səviyyədə təmsil olunduğunu vurğulayan alim konfransa qurumun 30 əməkdaşı tərəfindən informasiya texnologiyalarının bir sıra aktual istiqamətlərini əhatə edən 24 tezisin təqdim olunduğunu diqqətə çatdırdı.

Azərbaycan Texniki Universitetinin Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov çıxış edərək informasiya texnologiyaları sahəsinin problemlərini əhatə edən konfransların keçirilməsinin əhəmiyyətini vurğuladı. Alim SDU tərəfindən informasiya texnologiyaları ilə bağlı elmi konfransların keçirilməsinin artıq ənənə halını aldığını və universitetin bu sahədə böyük təcrübə əldə etdiyini bildirdi.

Sonra plenar iclasda AMEA-nın müxbir üzvü Ağası Məlikovun “Ehtiyatların idarə edilməsi sistemlərində kütləvi xidmət modellərinin tətbiqi: problemin vəziyyəti və inkişaf perspektivləri”, Atırau Neft və Qaz İnstitutunun professoru Akmaral Jalqasbayevanın “Qazaxıstan Respublikasında İT sahəsi üzrə kadr hazırlığının vəziyyəti və problemləri”, Ufa Dövlət Aviasiya-texniki Universitetinin professoru Mixail Verxoturovun “Qabarıq olmayan obyektlərin qeyri-müntəzəm yerləşdirilməsinin optimallaşdırılması məsələsi: obyekt və diskret sahələrində No Fit Polyhedron qurulma xüsusiyyətləri”, eləcə də SDU-nun professoru Cavanşir Məmmədovun “Ali təhsil müəssisəsinin texnoparkının idarəetmə bölmələrinin sistem-texniki layihələndirmə mərhələsində modelləşdirmə alətlərinin təşkili” mövzularında məruzələri dinlənildi.

Daha sonra iki gün davam edəcək konfrans işini “İnformasiya-ölçmə və idarəetmə sistemləri”, “Sistemli analiz və modelləşdirmə” “Mexatronika və robototexnika”, “Korporativ informasiya sistemləri və onların tətbiqi”, “İntellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri”, “Cihazqayirmada yeni texnologiyalar” bölmələri üzrə davam etdirdi.

Bölmələrdə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Azərbaycanda elektron tullantıların idarəçiliyi sahəsində mövcud vəziyyətin monitorinqinin nəticələri haqqında”, “Elektron elmin yeni istiqaməti kimi formalaşan vətəndaş elminin elm sahələrinə təsiri”, “Əşyaların İnternetinin neft-qaz kompleksində tətbiqi haqqında”, “Elektron təhsildə adaptiv texnologiyaların müqayisəli təhlili”, “İnformasiya iqtisadiyyatının iyerarxik indikatorlar sistemində kompozit indeksə təsir edən amillərin çoxfaktorlu korrelyasiya asılılığının araşdırılması”, “Müxtəlif korrelyasiyalar istifadə etməklə Azərbaycan xam nefti üçün özlülük performansının qiymətləndirilməsi”, “Proqram mühəndisliyinin metodları prosesləri və vasitələri” və digər mövzularda məruzələri dinlənildi.

Qeyd edək ki, konfransın növbəti günündə təqdim olunmuş məruzələrin digər qisminin dinlənilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.