İnformasiya təhlükəsizliyinin təmin olunması problemləri araşdırılır

14 Noyabr 2018 - 16:19 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 2 saylı şöbənin 2018-ci ili əhatə edən hesabatı dinlənildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev şöbənin cari ildə elmi-tədqiqat fəaliyyəti, elmi seminar və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Bildirdi ki, informasiya təhlükəsizliyinin təmin olunması problemləri istiqamətində AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənməsi və onların bəzi tətbiqləri” və ARDNŞ-in Elm Fondunun “DeepOil-ML: İntellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi” qrant layihələri çərçivəsində tədqiqatlar aparılmışdır.  

Alim cari ildə şöbədə “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodlarının işlənməsi”, “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi”, “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları”, “Şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənilməsi” mövzuları üzrə aparılan araşdırmaların nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunduğunu diqqətə çatdırdı.

Şöbə müdiri, hesabat ilində həmçinin informasiya təhlükəsizliyinin menecmenti problemləri, e-dövlətdə e-imza infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsinə yanaşmalar, eləcə də kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi və botnetlərin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi ilə bağlı yerinə yetirilmiş tədqiqat işləri barədə məlumat verdi.

Məruzəçi elmi-innovasiya fəaliyyətindən bəhs edərək qeyd etdi ki, bu istiqamət üzrə bir sıra qrant layihələrdə iştirak edilmiş, “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransının keçirilməsi üzrə hazırlıq işləri yerinə yetirilmişdir.

Y.İmamverdiyev şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda 15 tezislə iştirak etdiyini və tanınmış elmi jurnallarda 33 məqalənin dərc edildiyini bildirdi.

Alim şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.

Hesabat ilə bağlı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.