“Rusiya coğrafiya imlası – 2018” beynəlxalq tədbiri keçirilib

16 Noyabr 2018 - 09:00 | Mühüm hadisələr

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Rusiya Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən dördüncü “Rusiya coğrafiya imlası – 2018” beynəlxalq tədbiri keçirilmişdir.

“Rusiya coğrafiya imlası” əhalinin coğrafiyaya dair biliklərinin qiymətləndirilməsinə yönəlmiş genişmiqyaslı təhsil layihəsidir. İlk Ümumrusiya “Coğrafiyaya dair İmla” layihəsi 2015-ci ildə RCC-nin Qəyyumlar şurasının təşəbbüsü ilə keçirilmiş və 210 regionda 70 mindən çox adam iştirak etmişdir. 2017-ci ildən etibarən imlaya şuranın sədri, Rusiya Federasiyasının prezidenti V.V.Putin tərəfindən beynəlxalq status verilmiş və imla dünyanın 25 ölkəsinin 2224 meydançasında 260 mindən çox iştirakçı tərəfindən yazılmışdır.

Bu il 10 illiyini qeyd edən MDU-nun Bakı filialı uzun illər böyük beynəlxalq layihələrin və yüksək səviyyəli tədbirlərin uğurla həyata keçirilməsi üçün bir platforma rolunu oynayır. Məlum olduğu kimi, Azərbaycanda ilk dəfə olaraq “Rusiya coğrafiya imlası” 2017-ci ildə MDU-nun Bakı filialında keçirilmiş və böyük ictimai maraq doğurmuşdur.

2018-ci ildə keçirilən imlada yaşından, təhsil səviyyəsindən, sosial mənsubiyyətindən asılı olmayaraq rus dilini bilən hər kəs iştirak etmişdir. İmlanın ən gənc iştirakçısı 10, ən yaşlı iştirakçısı isə 74 yaşında olmuşdur. Cari ildə keçirilən imlada xarici ölkələrdəki iştirakçılarının sayına görə MDU-nun Bakı filialı ən böyük auditoriya hesab olunmuş və 800-dən çox iştirakçı imlada iştirak etmişdir.

Tədbirin açılışında RCC tərəfindən hazırlanmış videomaterialların nümayişi aksiya iştirakçılarının böyük marağına səbəb olmuşdur. Cari ildə keçirilən imla iki hissədən ibarət olmuş və iştirakçılara hər hissədə 15 sual təqdim olunmuşdur. Tapşırıqların yerinə yetirilməsi üçün iştirakçılara 45 dəqiqə vaxt verilmişdir.

Qeyd edək ki, imlanın nəticələri haqqında məlumat 30 noyabr 2018-ci il tarixində dictant.rgo.ru saytında yerləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.