Danimarka Texniki Universitetinin alimləri bir lazer ötürücüsünün köməyilə verilənlərin optik lif vasitəsilə ötürülməsi sürəti üzrə dünya rekorduna yeni imza atıblar. Bunun üçün tədqiqatçılar Yaponiyanın telekommunikasiya nəhəngi NTT tərəfindən istehsal olunmuş yeni optik lifdən istifadə ediblər.
Sınaqlar zamanı verilənlərin saniyədə 43 terabit (5,4 Tbayt/s) sürətlə ötürülməsinə nail olunub. Bu göstərici 2011-ci ildə Karlsrue Texnoloji Universitetinin laboratoriyasında əldə olunmuş rekordu ötüb. Həmin vaxt alimlər verilənlərin saniyədə 26 terabit sürətlə ötürülməsinə müvəffəq olmuşdular.
newsru.com saytının məlumatına görə, Danimarka mütəxəssislərinin əldə etdiyi bu sürət 1 giqabayt həcmində olan faylın təxminən 0,2 millisaniyəyə surətini çıxarmağa imkan verir. 1 terabayt həcmində olan informasiyanın surətinin çıxarılmasına isə 0,18 saniyə sərf olunur.
Qeyd edək ki, hazırda tətbiq olunan optik kabellər verilənlərin saniyədə 100 Gbit sürətlə ötürülməsini təmin edir, saniyədə 1 Tbit yeni sürət standartı isə 2017-ci ildən tez təsdiq olunmayacaq.