AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “E-elm, Big data, Data science: təşəbbüslər, problemlər və həllər” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.
Şöbə müdiri Təhmasib Fətəliyev və şöbənin əməkdaşı Şahanə Mansurovanın həmmüəllif olduqları məruzəni təqdim edən Ş.Mansurova qeyd etdi ki, mövzu çərçivəsində aparılmış araşdırmaların əsas məqsədi böyük həcmli elmi verilənlər problemləri və onların həlli ilə bağlıdır.
O, bildirdi ki, e-elm mürəkkəb bir sistem olub infrastruktur, verilənlərin generasiyası, toplanması, saxlanması, emalı, axtarışı, analizi, ötürülməsi, təqdim olunması və s. kimi tərkib hissələrə malikdir. E-elmə vahid bir sistem kimi baxıldığı halda isə, onun həll etdiyi məsələlərə uyğun müxtəlif alt sistemlərdən təşkil olunduğunu görmək olar. Elmin informasiya təminatı; elmmetrik (elmmetriya, bibliometriya, vebometriya) təhlillər; intellektual analiz və Big data alt sistemləri böyük həcmli elmi verilənlərin yaranmasına gətirməklə yanaşı, eyni zamanda onun aktual problemlərinin həllini həyata keçirir. E-elmin müxtəlif elm sahələrində tətbiqi böyük həcmli elmi verilənlərin sürətlə artmasında generator rolunu oynayır. Elmi verilənlərin müşahidə, eksperimental, hesablama və məlumat verilənləri kimi təsnifatını misallarla təqdim etdi.
Məruzəçi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO - United Nations Educational, Scientific and Cultural Organization), Elm üzrə Beynəlxalq Şura (ICSU - International Council for Science), Elm və Texnologiya üçün Məlumat Komitəsinin (CODATA - Committee on Data for Science and Technology) e-elmə və ümumilikdə elmin inkişafına, həmçinin elmi verilənlər problemlərinin həllinə dəstək verən beynəlxalq təşkilatların fəaliyyətlərini diqqətə çatdırdı.
Ş.Mansurova “Verilənlər haqqında elm - Data Science-in böyük həcmli elmi verilənlər problemlərinin həlli imkanları haqqında məlumat verərək bu termininin ilk dəfə 1974-cü ildə kompüter elmləri sahəsinin tanınmış alimlərindən olan Peter Naur tərəfindən işlədildiyini bildirdi. Qeyd etdi ki, Data Science bilik və bacarıqlara əsaslanan elmdir və ümumiləşdirilmiş formada biliklərin alınması, qanunauyğunluğunun aşkar edilməsi məqsədini daşıyır.
Big Data termininin ilk dəfə 1998-ci ildə “Silicon Graphics” şirkətinin kompüter elmləri üzrə mütəxəssisi Con Meşi tərəfindən elmə gətirildiyini deyən məruzəçi tətbiq sahələrindən asılı olmayaraq Big data-nı təsvir etmək üçün ümumi xarakteristikaların mövcud olduğunu diqqətə çatdırdı və onlar haqqında məlumat verdi. Eləcə də Big data yanaşması, onun tətbiq sahələri, arxitekturası və “Big Data Europe” layihəsindən danışdı.
Məruzəçinin sözlərinə görə, ICSU öz fəaliyyəti ilə Big Data problemlərinin həllində böyük rol oynayır. Onun elmi verilənlər problemlərinin həlli və idarə edilməsinə dair təşəbbüsləri Dünya Verilənlər Sisteminin (World Data System - WDS) inkişafına mühüm töhfələr vermişdir. WDS elmi verilənlərə universal və bərabərhüquqlu çıxışı təmin etmək, verilənlərin standartları və konvensiyalarına əməl olunmasına həvəsləndirmək, eləcə də verilənlər və informasiyanın təminatlı keyfiyyətini təmin etməyi nəzərdə tutur.
O, həmçinin sistemə üzvlük növləri, onun strukturu və tərkibi haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı.
Sonda məruzə ilə əlaqədar fikir mübadiləsi aparıldı, bir sıra təkliflər irəli sürüldü.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.