AMEA Rəyasət Heyətində böyük konfrans zalının audio-video sistemi yenidən qurulub

29 Oktyabr 2018 - 16:03 | Mühüm hadisələr

Son illər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar çərçivəsində institut və təşkilatların maddi-texniki bazasının, hər bir müəssisənin informasiya təminatının gücləndirilməsi və ümumilikdə AMEA-nın fəaliyyətinin informasiyalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

AMEA Rəyasət Heyətinin böyük konfrans zalının müasir texniki avadanlıqlarla təchiz olunması bu çərçivədə yerinə yetirilən işlərdəndir. Belə ki, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən böyük konfrans zalının audio-video sistemi yenidən qurulmuşdur. Zalda 2 müasir, lazer tipli proyektor, yüksək texnologiyaya malik 2 böyük monitor və siqnalları uzaq məsafəyə ötürmək üçün qəbuledicilər quraşdırılmışdır. Həmçinin mikrofon sistemi “Beyerdynamic” şirkətinə məxsus, yüksək keyfiyyətə malik genişzolaqlı sistem ilə əvəz olunmuşdur.  

İnstitutun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyevin sözlərinə görə, proyektorların köməyilə təsvirləri zalda quraşdırılmış hər iki ekrana yüksək keyfiyyətlə ötürmək, eləcə də məruzəçilərin çıxışını birbaşa böyük monitorlar vasitəsilə əks etdirmək mümkündür.

Ş.Mehdiyev bildirib ki, qeyd olunan tədbirlər böyük konfrans zalında müxtəlif iclasların, tədbirlərin daha yüksək səviyyədə və səmərəli təşkilinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.