AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. “Təhsil prosesinin idarə olunması üçün Data Mining metodlarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edən şöbənin əməkdaşı Gülarə Məmmədova Data Mining texnologiyaları haqqında məlumat verdi. Bildirdi ki, Data Mining böyük həcmli verilənlərdən insan fəaliyyətinin müxtəlif sferalarında qərarların qəbul olunması üçün lazım olan faydalı və yeni informasiyanın tapılmasını özündə ehtiva edir.
“Maarifləndirmə prosesinin məlumatlarının Data Mining texnologiyalarının köməyi ilə intellektual analizi (EDM – Educational data mining) maarifləndirmə sahəsindən daxil olan məlumatların öyrənilməsi üçün metodların tətbiqi və bu metodların tələbələrin və onların təhsil aldıqları şərtlərin daha yaxşı başa düşülməsi üçün istifadə olunması ilə bağlıdır”,– deyə bildirən məruzəçi EDM-in qarşıya qoyulmuş məsələlərin həlli məqsədilə geniş istifadə olunduğunu söylədi. Qeyd etdi ki, EDM-dən istifadə etməklə həll olunan maarifləndirmə prosesi problemlərinə baxış, EDM-in əsas metodlarının tədqiqi, EDM-in tətbiq edilmə sahələrinin öyrənilməsi və məlumat analizi üçün alətlərin icmalının hazırlanması vacib məsələlərdəndir.
Məruzəçinin sözlərinə görə, böyük həcmli məlumatların emalı üçün bütün informasiyanı yenidən emal etməyə ehtiyac yoxdur. Belə ki, modelləri kiçik kəsimlər əsasında qurmaq və onları bütün çoxluğa tətbiq etmək olar.
G.Məmmədova məsələlərin Data Mining-in klassifikasiya, reqressiya, klasterizasiya, assosiasiya, ardıcıllıq kimi metodları vasitəsilə həlli üsullarından danışdı, bu metodların hər biri haqqında ətraflı məlumat verdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.