ABŞ-da robot tələbələrə fəlsəfə üzrə mühazirə oxuyub. Beləliklə, “Bina48” adlı android professorla birgə dərs keçən ilk mexaniki müəllim olub.
Professor Uilyam Barri bir neçə ildir ki, “Bina48” ilə işləyir və artıq robotu tələblərə təqdim etməyə qərar verib. Təxminən 100 tələbənin iştirak etdiyi eksperimental dərs ABŞ-ın Hərbi akademiyasında keçirilib.
“Süni intellekt müəllim ola bilərmi?”, “robot mühazirəni elə apara bilərmi ki, material tələbələr üçün aydın və maraqlı olsun?” kimi suallara cavab tapmaq sınağın əsas məqsədi idi.
robo-hunter.com saytının məlumatında bildirilir ki, insanabənzər robot əxlaq fəlsəfəsi kursu üzrə 2 mühazirə oxuyub. Bu elm sahəsi etik mülahizələri, ədalətli müharibə haqqında nəzəriyyəni və süni intellektin cəmiyyətdə tətbiqi problemlərini aydınlaşdırır.
Mühazirə zamanı robot İnternetə qoşulmayıb və əvvəlcədən yüklənmiş məlumatlardan istifadə edib. “Bina48” yalnız monoloq rejimində danışmayıb, həm də tələbələrin suallarını cavablandırıb.
Professor Barrinin sözlərinə görə, mühazirə tələbələr üçün çox maraqlı olub, onlar robotu diqqətlə dinləyərək, materialı yazıblar.
Lakin “Bina48”in şagirdlər tərəfindən yaxşı qarşılanmasına baxmayaraq, alimlər robotu müəllim kimi istifadə etməməyə qərar veriblər, çünki onun iş tempi tələbələr üçün çox yavaş olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.