“Vikipediya”da rus dilində olan məqalələrin sayı 1,5 milyonu ötüb

02 Oktyabr 2018 - 09:47 | Maraqlı məlumatlar
“Vikipediya”da rus dilində olan məqalələrin sayı 1,5 milyonu ötüb

“Vikipediya” İnternet-ensiklopediyasının rus dili bölməsində yaradılmış məqalələrin sayı 1,5 milyonu ötub. Bu barədə “Vikimedia RU”nun (Rusiyada Viki-layihələrin inkişafı ilə məşğul olan təşkilat) icraçı direktoru Stanislav Kozlovski öz mikrobloqunda bildirib.

Kozlovski qeyd edib ki, rusdilli “Vikipediya” məqalələrin sayına görə dünyada 7-ci yeri tutur, yeni məqalələrin yaranma tempinə görə isə ingilis, alman, fransız və ispan dillərindəki layihələrdən geri qalaraq 5-ci yerdədir.

Həmçinin, Kozlovski bildirib ki, ensiklopediyada Rusiya məmurları da məqalələri redaktə edirlər, lakin belə redaktələrin sayı çox deyil. Onları xüsusi olaraq yaradılmış “Twitter” hesabı olan “Госправки” vasitəsilə izləmək mümkündür.

hitech.newsru.ru saytının məlumatına görə, ümumdünya İnternet-ensiklopediyasının rusdilli bölməsi 11 may 2001-ci ildə meydana çıxıb. Rusdilli Vikipediya bir milyon məqaləyə 11 may 2013-cü ildə çatıb. Bu bölmə yüklənmiş faylların sayı üzrə 2-ci, ən aktiv redaktorların sayına görə 4-cü, baxış və redaktələrin sayına görə isə 5-ci yeri tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.