“Neft-qaz sənayesində böyük verilənlər” mövzusunda məruzə dinlənildi

27 Sentyabr 2018 - 12:13 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Şöbənin əməkdaşı Şəlalə Mansurova “Neft-qaz sənayesində böyük verilənlər” mövzusunda məruzəni təqdim etdi.

Neft və qaz sənayesində aparılan əməliyyatların arxitekturasını təqdim edən Ş.Mansurova bu əməliyyatların “Upstream” (kəşfiyyat və istehsal prosesləri), “Midstream” (Saxlama və nəqliyyat məsələləri) və “Downstream” (Emal və satış) mərhələlərindən danışdı. O, hər bir mərhələ üzrə ayrı-ayrılıqda aparılan əməliyyatlar və bu mərhələlərdə böyük verilənləri (Big data) generasiya edən əsas mənbələr barədə məlumat verdi. Bildirdi ki, araşdırmaların nəticələrinə əsasən, neft və qaz sənayesində əldə olunan verilənləri tamamilə analiz etmək mümkün olarsa, bu, proseslərin effektivliyinin 20% yüksəldilməsinə gətirib çıxaracaq.

Məruzəçi neft və qaz sənayesində tətbiq edilən “SCADA” sistemləri, Əşyaların İnterneti (İoT), bulud və duman texnologiyaları, simli və simsiz şəbəkə texnologiyaları haqqında da danışdı.

Ş.Mansurova neft və qaz sənayesində Simsiz Sensor Şəbəkələrin çoxsəviyyəli arxitekturasını təqdim edərək hər bir səviyyədə (kəşfiyyat, monitorinq və s.) böyük ölçülü verilənləri generasiya edən məsələləri (yanğın, sızma, korroziya, temperatur, rütubət və s.) qeyd etdi. Məruzəçi, neft və qaz sənayesində tətbiq edilən Simsiz Sensor Şəbəkələrin təsnifatı barədə məlumat verdi, həmçinin, bulud və duman texnologiyalarının inteqrasiyasının üstünlüklərindən bəhs etdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev araşdırmaların nəticəsi olaraq məqalənin hazırlanmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.