GEANT Assosiasiyası ilə əməkdaşlıq əlaqələri davam etdirilir

24 Sentyabr 2018 - 11:02 | Konfranslar, İclaslar
GEANT Assosiasiyası ilə əməkdaşlıq əlaqələri davam etdirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında müzakirə olunan məsələlərdən biri də GEANT Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin vəziyyətinin müzakirəsinə həsr olunmuşdur.

Bu barədə çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu istiqamətdə cari ildə görülmüş işləri nəzərə çatdırdı. Bildirdi ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir.

AzScienceNet-in ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu bildirən R.Ələkbərov AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırdı. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir.

R.Ələkbərovun sözlərinə görə, AzScienceNet və Azərbaycan Təhsil Şəbəkəsi – AzEduNet arasında inteqrasiyanın təmin olunması nəticəsində AR Təhsil Nazirliyinin ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılmışdır.

AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə intiqrasiyası istiqamətində ölkənin elm və təhsil müssisələri üçün WiFi və Eduroam xidmətinin yaradılması və genişləndirilməsi işlərinin görüldüyünü söyləyən alim cari ilin sonunadək təklif olunan sürətin artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.

İnstitutun direktor müavini, həmçinin AMEA Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən “Qrid Elmi Tədqiqatlar Mərkəzi”nin AzScienceNet şəbəkəsinə qoşulduğunu bildirərək bu yaxınlarda mərkəzin ikinci blokunun yaradıldığını diqqətə çatdırdı.

R.Ələkbərov GEANT ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə həyata keçirilən “EaPConnect” layihəsi çərçivəsində görülmüş işləri nəzərə çatdırdı, AMEA-nın institut və təşkilatlarının GEANT-a qoşulması işlərinin həyata keçirildiyini dedi.

O, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan yaradan LOLA (LOw LAtency audio visual streaming system) texnologiyasının ölkəmizdə tətbiq edilməsi işlərinin həyata keçirildiyini bildirdi. Məruzəçi bu məqsədlə texnologiyanın öyrənildiyini, bu texnologiyanın musiqi ifası ilə nümayişinin həyata keçirilməsi və Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində tədbirlərin görüldüyünü vurğuladı.

Çıxış ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.