AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “İKT-yə əsaslanan iqtisadiyyatın inkişafının qiymətləndirilməsinin metodoloji aspektləri” (Methodological aspects of estimation of ICT-based economic development) adlı məqaləsi dünyanın nüfuzlu “Management Dynamics in the Knowledge Economy” jurnalında nəşr olunub.
İKT-yə əsaslanan iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsinin metodoloji aspektlərinə həsr olunmuş məqalədə informasiya iqtisadiyyatının inkişaf istiqamətləri və onun xarici ölkələrdə formalaşma tendensiyaları təhlil edilmişdir. Azərbaycanın informasiya iqtisadiyyatının inkişaf etmiş ölkələrlə müqayisəli təhlili aparılmış, informasiya və bilik iqtisadiyyatının inkişaf səviyyəsinin formalaşması və qiymətləndirilməsi üçün müxtəlif göstərici sistemlərinin müqayisəli təhlili verilmişdir. Həmçinin bu sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı bəzi tövsiyələr təqdim edilmişdir. İnformasiya və bilik hesabına formalaşan Ümumi Daxili Məhsulun (ÜDM) hesablanması metodikası və informasiya və bilik iqtisadiyyatının kompozit indekslər sistemi təklif olunmuşdur.
Qeyd edək ki, “Management Dynamics in the Knowledge Economy” jurnalı EBSCO, BASE, Cabell's, DOAJ, Index Copernicus, ERIH Plus, GIF, NewJour, ProQuest, RePEc, Ulrich’s and World Cat və s. kimi nüfuzlu elmi bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.