İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda çap olunub

29 İyun 2018 - 11:26 | Mühüm hadisələr
İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda çap olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatın həmmüəllifi olduqları “Cyber-physical systems and their security issues” (DOI: 10.1016/j.compind.2018.04.017) adlı məqalə “Elsevier” nəşriyyatında dərc olunan “Computers in Industry” jurnalında çap olunub.

“Kiber-fiziki sistem” anlayışı 2006-cı ildə meydana çıxsa da, qısa müddətdə bir sıra qabaqcıl ölkələrdə bu istiqamətdə intensiv tədqiqatlar aparılmağa başlanmışdır. Kiber-fiziki sistemlər sahəsində elmi-tədqiqatların və işləmələrin aktuallığını və perspektivliyini ABŞ və Avropada bu istiqamət üzrə məxsusi yol xəritələrinin işlənməsi də sübut edir.

Kiber-fiziki sistemlərin yaradılması bəşəriyyət qarşısında yeni çağırışlar qoyur. Adətən, belə sistemlərin tətbiq sahələri kritik əhəmiyyətə malik olur, bu səbəbdən onların təhlükəsizliyi və etibarlılığına xüsusi tələblər irəli sürülür. Hazırda kiber-fiziki sistemlərin geniş spektrli kiber-hücumlardan müdafiəsi informasiya təhlükəsizliyinin mürəkkəb problemlərindən biridir.

Məqalədə kiber-fiziki sistemlərin iş prinsipləri təsvir olunur, onların multidissiplinar sosial, fəlsəfi problemləri diqqətə çatdırılır, kiber-fiziki sistemlərin təhlükəsizliyi məsələləri üzrə mövcud tədqiqatların analizi və təsnifatı aparılır. Müəlliflər kiber-fiziki sistemlərə hücümları və təhdidləri sistemli analiz etmək üçün xüsusi hücum ağacı modeli təklif edirlər. Əsas problemlər və tədqiqatçılardan gözlənilən həllər kiber-hücumların nəticələrinin qiymətləndirilməsi, kiber-hücumların modelləşdirilməsi və aşkarlanması, müvafiq kiber-təhlükəsizlik arxitekturalarının işlənməsi ilə bağlıdır. Kiber-fiziki-sosial sistemlərin, SCADA sistemlərin, intellektual (smart) sistemlərin təhlükəsizliyi, kiber-hücumlara qarşı əks-tədbirlər və kommunikasiyaların təhlükəsizliyi üzrə gələcək tədqiqatların əsas istiqamətləri göstərilmişdir.

Qeyd edək ki, “Computers in Industry” jurnalı aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 2.850

5-Year Impact Factor: 2.712

CiteScore: 3.68

Source Normalized Impact per Paper (SNIP): 1.886

SCImago Journal Rank (SJR): 1.028

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.