Məlumdur ki, AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli qərarına əsasən respublika üzrə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.
Hər il olduğu kimi, cari ildə də fevral ayından başlayaraq institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunub. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.
Bu gündən etibarən TİM-də informatika fənni üzrə doktorluq imtahanlarına start verilib. Bu sessiya ərzində ümumilikdə 600-ə yaxın elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir. İmtahanlar iyulun 6-dək davam edəcək.
Cari ilin iyul ayının 4 və 6-da Gəncə və Naxçıvan bölgələrində yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları İnternet üzərindən distant formada keçiriləcək. İmtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət ediləcək.
Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin Sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında İnternet üzərindən distant formada keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.