Amerika alimləri gözün buynuzlu qişasını əldə etməyə imkan verən yeni metod işləyiblər. cybersecurity.ru saytının məlumatına görə, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Tədqiqatçılar bunun üçün izlənilməsi olduqca mürəkkəb olan hüceyrələrdən istifadə ediblər. Söhbət buynuzlu qişanın bərpasına cavabdeh olan limbal gövdə hüceyrələrindən gedir. Eksperiment zamanı mütəxəssislər regenerativ gövdə hüceyrələrini siçanlarda tətbiq ediblər. Nəticədə heyvanlarda gözün buynuzlu qişasının tam fəaliyyət göstərməsini bərpa etmək mümkün olub.
Ekspertlərin qənaətincə, bu metod yanğın və ya kimyəvi maddələr nəticəsində zədələnmiş gözlərin buynuz qişasının bərpasına gələcəkdə kömək edə bilər. Göz xəstəlikləri və ya zədə nəticəsində yaranmış limbal gövdə hüceyrələrinin çatışmazlığı dünyada korluğun əsas səbəblərindəndir.