Uçan taksi prototipi nümayiş edilib

11 May 2018 - 10:23 | Maraqlı məlumatlar
Uçan taksi prototipi nümayiş edilib

“Uber” şirkəti və ABŞ Kosmik Agentliyi (NASA) arasında uçan taksilərin hazırlanması haqqında ikinci saziş imzalanıb. Nəqliyyat vasitəsi təyyarə və vertolyot hibridindən ibarət olacaq. Uçan taksinin ilk sınaqlarının Los-Anceles və Dallasda keçirilməsi planlaşdırılır.

lenta.ru saytının məlumatına görə, nümayiş edilən hava taksisi enmə zamanı yığılan dörd üfüqi fırlanan vintlə təchiz edilib. Beşinci rotor aparatın quyruq hissəsində yerləşir və irəliyə hərəkət üçün istifadə olunur.

Şirkətin planlarına əsasən, uçan taksi 300-400 metr hündürlükdə hərəkət edəcək. Enmə meydançaları hündürmərtəbəli binaların dam örtüklərində yerləşəcək. Onların hər biri 200 uçuş və enmə qəbul edə biləcək. Yeni nəqliyyatın yola sərf edilən vaxtı 30 dəqiqədən 5 dəqiqəyədək azaltmağa kömək edəcəyi nəzərdə tutulur.

Daha əvvəl “Uber” şirkətinin 2020-ci ildə uçan nəqliyyat vasitəsinin işlək modelini Dubayda keçiriləcək “World Expo” sərgisində təqdim edəcəyi ilə bağlı məlumatlar yayılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.