Veb-spamlarla bağlı araşdırmalar aparılır

03 May 2018 - 15:01 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun doktorantı Xəyyam Nurəliyev “Veb-spamlar: ümumi məlumat, problemlər və həlli yolları” mövzusunda məruzəsini təqdim etdi.

O, bildirdi ki, veb-spamlar axtarış nəticəsində yüksək mövqe qazanmaq məqsədilə informasiya-axtarış sistemlərini aldatmağa və onun nəticələrini manipulyasiya etməyə cəhd edən veb-saytlar və ya veb-səhifələrdir. Bu gün İnternet mühitində saytların daha çox tanıdılması məqsədilə axtarış spamlarının tətbiqinə qadağa qoyulsa da, praktiki olaraq, bu texnologiyadan geniş istifadə olunur.  

Məruzəçi mövzunun aktuallığından söz açaraq qeyd etdi ki, veb-spamların tətbiqi axtarış sistemlərinin səmərəliliyi və axtarışın nəticəsinə, yekunda isə axtarış aparan şəxsə mənfi təsir göstərir. Veb-spamların yaratdığı əsas problem lazımsız (“zibillənmiş”) kontentin yaradılması ilə bağlıdır ki, bu da axtarış sistemlərinin işində problemlərin meydana gəlməsinə səbəb olur.

Sonra X.Nurəliyev kontekst spamları haqqında məlumat verdi. Bildirdi ki, bu spamlar saytın və ya veb-səhifənin əsas mətninə açar sözlərin və ifadələrin əlavə edilməsi, həddən artıq doldurulması, məzmunun qarışdırlması kimi başa düşülür. Kontekst spamların yaradılması üçün bir neçə üsuldan istifadə olunur ki, buraya açar sözlərin təkrarlanması, onların səhifənin məzmununa daxil edilməsi və s. aiddir.  

“İstinad spamları axtarış spamlarının daha geniş yayılmış və ən təhlükəsiz növüdür”, – deyə bildirən məruzəçi qeyd etdi ki, bu spamların mahiyyəti müxtəlif İnternet ehtiyatlarına istinadların istifadəsində süni manipulyasiya edilməsindən ibarətdir.

Onun sözlərinə görə, PageRank, TrustRank, Google Penguen, Google  Sandboxuen, Google Panda və s. metodlardan veb-spamlarla mübarizə məqsədilə istifadə olunur. Veb-spamların click spam, cloaking and redirection, term və survey spams kimi növləri də mövcuddur.

X.Nurəliyev, həmçinin dünyada veb-spamların domen adları və dillərə görə paylanmasına dair statistik göstəriciləri təqdim etdi, bu sahədə keçirilən konfranslar barədə məlumat verdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, bu istiqamətdə aparılan araşdırmaların dərinləşdirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.