AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Cəmilə Bağırova “Adaptiv texnologiyaların elektron təhsildə tətbiqi məsələləri” mövzusuna həsr olunmuş məruzəni təqdim etdi.
C.Bağırova elektron tədris mühitində adaptiv texnologiyaların tətbiqi, tədris materiallarının ötürülməsi ardıcıllığı, həll olunan məsələlərin mürəkkəblik səviyyəsini təyin edən adaptiv texnologiyalarla bağlı aparılan araşdırmaların nəticələri haqqında məlumat verdi.
Hazırda elektron təhsilin sürətlə inkişaf etdiyini vurğulayan məruzəçi elektron təhsildə adaptiv texnologiyalardan istifadənin hər bir öyrədilənə öz individual təhsil və təlim proqramını seçməyə imkan verəcəyini qeyd etdi.
C.Bağırova bildirdi ki, bu gün elektron təhsil sistemində tətbiq olunan proqram komplekslərinin əksəriyyəti adaptiv deyil və tələblərə tam cavab vermir. Adaptiv və intellektual texnologiyalar elektron təhsil sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək.
Həmçinin bu texnologiyaların tətbiqi pedaqoqlara tələbənin fəaliyyətini izləməyə, fərdi tədris planlarına mütəmadi olaraq dəyişikliklər etməyə, öyrədilənin fərdi xüsusiyyətlərini nəzərə alaraq dərs saatlarını bölüşdürməyə, rast gəlinən problemləri vaxtında aşkar edərək onları həll etməyə imkan verəcək.
Məruzəçi elektron təhsil resurslarının elektron dərslik, öyrədici və təlimin nəticələrinə nəzarət edən proqramlar kimi növləri olduğunu dedi. Adaptiv texnologiyaların istifadəsi ilə tədris materiallarının əldə olunması üçün metod və alqoritmlərin tədqiq olunacağını da diqqətə çatdırdı.
Həmçinin elektron təhsilin adaptasiyası üçün süni intellektin tətbiqi imkanları, adaptiv təlim sisteminin struktur modeli, elektron təhsilin funksional strukturu və s. haqqında məlumat verdi.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.