Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri araşdırılacaq

03 Aprel 2018 - 15:20 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2018-ci il üzrə fəaliyyət planı  müzakirə olundu. Planı təqdim edən şöbə müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbədə aparılacaq elmi-tədqiqat işlərindən söz açdı.

Məruzəçi e-elmin formalaşması problemləri istiqamətində elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənilməsi, beynəlxalq akademik bazalarda mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması ilə bağlı tədqiqatların nəzərdə tutulduğunu diqqətə çatdırdı.

M.Səidova Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yollarının tətbiq edilməsi üzrə görüləcək işlərdən də bəhs etdi. Onun sözlərinə görə, bulud texnologiyaları əsasında intellektual e-kitabxanaların yaradılması, bu istiqamətdə  dünya təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.

Sonra o, e-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması ilə bağlı görüləcək işlərdən danışdı. Bildirdi ki, beynəlxalq standartlara əsaslanaraq İKT-nin tətbiqi ilə Azərbaycan dilinin bilik səviyyəsinin yoxlanılması üçün təkliflərin işlənilməsi, onun xarici dil kimi tədrisi və qiymətləndirilməsi üçün CEFR-in (Common European Framework of Reference for Languages) tətbiq edilməsi, həmçinin sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi nəzərdə tutulur.

M.Səidova cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi. Həmçinin beynəlxalq elmi-texniki cəmiyyətlərə üzvlüklə əlaqədar işlərin davam etdiriləcəyini vurğuladı.

Sonra şöbənin beynəlxalq elmi əməkdaşlığından danışan məruzəçi cari ildə Azərbaycanın Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq “EBSCO”, “eİFL“ və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılacağını, “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşaiyəti ilə əlaqədar əməkdaşlıq əlaqələrinin qurulacağını bildirdi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlərdən bəhs etdi.

Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.