Elektron təhsil mühitinin idarə edilməsi üzrə araşdırmalar davam etdirilir

29 Mart 2018 - 14:50 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2018-ci il  üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbədə informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi üzrə aparılacaq elmi-tədqiqat işlərindən söz açdı.

F.Ağayev elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi üzrə xarici ölkələrdə elektron tədrisin idarə edilməsi sistemləri imkanlarının araşdırılacağını, bu sahədə müqayisəli təhlilin aparılacağını vurğuladı. Həmçinin müqayisə əsasında tədris müəssisələrinə optimal LMS sisteminin seçilməsinin nəzərdə tutulduğunu bildirdi.

Elektron tədris mühitində adaptiv texnologiyaların tətbiqi məsələlərindən bəhs edən məruzəçi cari ildə tədris materiallarının ötürülməsi ardıcıllığının, həll olunan məsələlərin mürəkkəblik səviyyəsini təyin edən adaptiv texnologiyaların araşdırılmasının görüləcək işlər siyahısında olacağını diqqətə çatdırdı. O, Adaptiv texnologiyaların istifadəsi ilə tədris materiallarının əldə olunması üçün metod və alqoritmlər tədqiq olunacağını da bildirdi.

Şöbə müdiri Bulud texnologiyasının əsasında təhsil kontentlərinin formalaşması üzrə görüləcək işlərdən söz açaraq Azərbaycanın elektron təhsil sisteminə bulud servislərin inteqrasiyası problemlərinin həllinə dair təkliflərin hazırlanacağını, e-təhsilin idarə edilməsi üçün Data Mining imkanlarının tətbiq ediləcəyini qeyd etdi.

F.Ağayev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlərdən bəhs etdi.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim elektron təhsil mühitinin formalaşma mərhələlərinə dair araşdırmaların davam etdirilməsi, bu sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin yeni yanaşmaların tədqiq edilməsinin vacibliyini vurğuladı.

Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.