Müasir xilasedicilər üçün “ağıllı” gödəkçə hazırlanıb

05 Mart 2018 - 15:40 | Texnoloji yeniliklər
Müasir xilasedicilər üçün “ağıllı” gödəkçə hazırlanıb

Nokia” şirkəti İspaniyanın Barselona şəhərində keçirilən, mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress 2018”də xilasedicilər və polislər üçün Cənubi Koreyanın “Kolon” geyim şirkəti ilə birgə hazırlanmış “ağıllı” gödəkçəsini təqdim edib.

techcult.ru saytının məlumatına görə, “CHASE Life Tech FR” zahirən polis və yanğınsöndürənlərin parlaq gödəkçələrinə bənzəyir. Əsas fərq onun ürək döyüntüsünün tezliyini və bədən temperaturunu qeydə alan modulyar sensorlar, GPS və akselerometrlə təchiz edilməsidir. Onların əvəzinə konkret vəziyyətdə lazım olacaq sensorlar (məsələn, dəm qazı sensorları) quraşdırmaq mümkündür.

Gödəkçə vasitəsilə əldə olunmuş məlumatlar baza stansiyasına ötürülür ki, burada idarəetmə bloku onları real vaxt rejimində təhlil edir. Bu, xüsusilə, polis və ya yanğınsöndürənin qəza vəziyyətində əlaqə qura bilməməsi zamanı kömək edə bilər.

Gözəl dizayna malik olan “CHASE Life Tech FR” gödəkçəsi hər kəs tərəfindən qəbul edilmiş dünya brendlərindən heç də geri qalmır. Bundan başqa, gödəkçənin hissələri müəyyən praktik funksiyaları yerinə yetirir. Məsələn, parça keçiricilik qabiliyyətinə malikdir, GORE-TEX materialından hazırlanmış 3M-detallar isə yağış və qar suyunu keçirmir. Bütün sensorları çıxarmaq mümkündür ki, bu da gödəkçəni asanlıqla yumağa imkan verir. “Nokia” və “Kolon” şirkətləri 1-2 il ərzində adi vətəndaşlar üçün belə gödəkçələr hazırlamağı planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.