AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “Siqnalların emalı metodları əsasında şəbəkə trafikindən əlamətlərin çıxarılması üsulu” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev mövzunun aktuallığını qeyd edərək şəbəkə trafikindən təsnifat əlamətlərinin çıxarılmasında siqnalların emalı metodlarının tətbiqinin perspektivli tədqiqat istiqamətlərindən biri olduğunu diqqətə çatdırdı.
Bildirdi ki, bu gün internetdə çox sayda “peer-to-peer” (P2P) tətbiqləri, sosial şəbəkələr, axın video-xidmətləri, onlayn oyunlar və s. fəaliyyət göstərir. Bu, istifadəçilərin sayının artmasına və onların davranışlarının dəyişməsinə səbəb olur. Nəticədə internet-trafikin həcmi həddindən çox artır və xarakteri dəyişir. Şəbəkələrin məhsuldarlığı və təhlükəsizliyi, həmçinin tətbiqlər və xidmətlər üçün xidmət keyfiyyətinin (Quality of Service, QоS) tələb olunan səviyyədə təmin edilməsi çətinləşir. Şəbəkələrin normal və təhlükəsiz işinin təmin edilməsi üçün effektiv monitorinq tələb olunur və bunun üçün şəbəkə trafiklərinin dəqiq identifikasiyası vacibdir. Ənənəvi olaraq, şəbəkə trafiklərinin identifikasiyası üçün şəbəkə trafiklərinin əlamətlərinin analizinə əsaslanan üsullar istifadə olunur. Bu əlamətlərə paketlərin müəyyən atributları daxildir: port nömrələri, göndərənin və alanın IP ünvanları, tətbiqlərin və protokolların növləri, həmçinin paketlərin məzmunu, trafikin statistik əlamətləri və s. Lakin yeni şəbəkə tətbiqlərinin yaranması ilə mövcud şəbəkə əlamətlərinin mahiyyəti dəyişir və şəbəkə trafiklərinin identifikasiyası üçün digər əlamətlərdən istifadə edilməsi məsələsi ortaya çıxır.
“Şəbəkə trafiklərinin identifikasiyası zamanı ən vacib tədqiqat sahələrindən biri də şəbəkə trafiklərinin təsnifatıdır”, – deyə bildirən məruzəçi qeyd etdi ki, təsnifatın məqsədi şəbəkə trafiklərinin əlamətlərindən ibarət təlim çoxluğunun öyrənilməsi əsasında naməlum şəbəkə trafikinin proqnozlaşdırılması üçün təsnifat modelinin qurulmasından ibarətdir. R.Şıxəliyev bildirdi ki, bu zaman təsnifatın dəqiqliyi şəbəkə trafikindən çıxarılmış təsnifat əlamətlərinin həcmi və relevantlığından çox asılıdır. Təsnifatın yüksək dəqiqliyinin təmin edilməsi üçün şəbəkə trafikindən yeni təsnifat əlamətlərinin çıxarılması metodlarının işlənməsi aktual məsələlərdəndir.
Məruzəçi şəbəkə trafikinin müxtəlif xarakteristikalarının rəqəmsal siqnallar kimi modelləşdirilməsinə yanaşmalar barədə ətraflı məlumat verdi, siqnalların mövcud emalı metodlarının şəbəkə trafikindən əlamətlərin çıxarılması məsələsinə tətbiqi sahəsində tədqiqatların müqayisəli analizini diqqətə çatdırdı, onların üstün cəhətləri və çatışmazlıqlarını təhlil etdi.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev bu istiqamətdə araşdırmaların davam etdirilməsini tövsiyə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.