İnsan kimi düşünən kompüter

09 İyun 2014 - 12:00 | Texnoloji yeniliklər
İnsan kimi düşünən kompüter

Rusiya proqramçıları tərəfindən hazırlanmış ilk kompüter proqramı – süni həmsöhbət məşhur Türinq testindən keçib. Bu haqda “The Independent” qəzeti yazıb. 

Proqram özünü Odessadan olan 13 yaşlı oğlan – Yudjin Qustman (Eugene Goostman) kimi qələmə verib. Sınaq zamanı proqram Britaniyanın Redinq Universitetindən olan xüsusi komissiya üzvlərinin 33 %-ni doğru fikirdən yayındıra bilib. “Əsas hədəfimiz proqramın nə isə bildiyini göstərmək idi, amma 13 yaşında hər şeyi bilməmək təbiidir. Özünü insan kimi apara bilən şəxsiyyəti yaratmaq üçün çox vaxt sərf etmişik” – deyə mütəxəssislərdən biri Vladimir Veselov bildirib. 

Türinq testi 1950- ci ildə ingilis riyaziyyatçısı və kriptoqrafı Alan Türinq tərəfindən “Maşın düşünə bilərmi?” sualına cavab tapmaq üçün irəli sürülüb. Sınaq zamanı kompüter proqramı 5 dəqiqə ərzində insanlarla ünsiyyətdə olmalıdır. Əgər proqram həmsöhbətlərinin 30%-ni onun insan olduğuna inandıra bilərsə, onun intellektini insan ağlına bərabər olduğunu hesab etmək olar. lenta.ru-nun bildirdiyinə görə, indiyədək heç bir proqram bu testi keçə bilməmişdir.