E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları işlənilib

21 Noyabr 2017 - 09:54 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2017-ci il üzrə hesabatı dinlənilib. Hesabatı şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev təqdim edərək öncə elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib. O, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənməsi və onların bəzi tətbiqləri çərçivəsində araşdırmaların aparıldığını bildirib.

Onun sözlərinə görə, hesabat ilində şəbəkə trafikində “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə kompüter şəbəkələrinin intellektual monitorinqinin konseptual modeli, şəbəkə trafikinin, kompüter şəbəkələrinin identifikasiyası modeli, kompüter şəbəkələrinin məhsuldarlığının monitorinqi metodu işlənilib.

Y.İmamverdiyev “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”mövzusu üzrə aparılan tədqiqatları diqqətə çatdırıb. Bildirib ki, buludlarda yükün balanslaşdırılması üçün məsələlərin çoxmeyarlı optimal planlaşdırma modeli, resursların planlaşdırılmasının proqnoz modeli, məsələlərin və resursların planlaşdırılması modellərinin sintezi əsasında yük balanslaşdırılması üçün yeni intellektual qərar qəbuletmə sistemi, bulud verilənlər mərkəzlərində anomaliyaların aşkarlanması üçün metodlar işlənilib.

O, e-dövlətdə e-imza infrastrukturunun təkmilləşdirilməsi üçün metod və alqoritmlərin işlənməsi mövzusu üzrə e-imza infrastrukturu üçün bulud və mobil texnologiyalar əsasında konseptual arxitekturanın işlənilməsinə dair aparılan tədqiqatlardan danışıb.

Məruzəçi, həmçinin e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodlarının işlənməsi, kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və modellərin işlənilməsi, şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin sintezi, botnetlərin aşkarlanması sahəsində metod və alqoritmlərin işlənməsi və digər mövzular ilə bağlı araşdırmalar aparıldığını bildirib.

Y.İmamverdiyev hesabat ili ərzində elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda 32 məruzə ilə iştirak edildiyini, tanınmış elmi jurnallarda 22 məqalənin çap edildiyini bildirib.

Şöbə rəhbəri elmi-innovasiya fəaliyyəti haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, cari ildə AzScienceNet-də informasiya təhlükəsizliyi siyasətinin təmin olunması üçün aparat və ya proqram təminatının quraşdırılması və istismarı, hostinq serverlərin informasiya təhlükəsizliyinin təmin olunmasına dair işlər həyata keçirilib.  

O, həmçinin şöbənin elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin КİV-də təbliği, beynəlxalq əməkdaşlığı çərçivəsində görülən işlərindən bəhs edib.

Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.