Audioinformasiya texnologiyaları problemləri araşdırılır

15 Noyabr 2017 - 08:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2017-ci il üzrə hesabatı müzakirə olundu. Hesabatı institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev təqdim etdi.

Məruzəçi cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri barədə danışdı. O, audioinformasiya texnologiyaları problemləri və elektron tullantıların (ET) elmi və sosial-iqtisadi problemləri istiqamətində ümumi istifadəli audio-video yayım texnologiyalarının keyfiyyət standartlarının monitorinqi, səs siqnalları tranzaksiyalarının informasiya təhlükəsizliyinin müasir metodlarının analizi, ET-nin idarəetmə sistemlərinin proqram məhsullarının funksionallıq meyarına görə təsnifatı və qiymətləndirilməsi, onun insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin təhlilinə dair araşdırmaların aparıldığını bildirdi.

Şöbənin elmi-innovasiya fəaliyyəti barədə danışan B.Ağayev AR Prezidenti yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fonduna qrant layihələrin təqdim olunduğunu diqqətə çatdırdı.

O, həmçinin şöbə əməkdaşlarının elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirakı, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görülmüş işlər haqqında məlumat verdi.

Sonda bir sıra təklif və tövsiyələr səsləndirildi, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.