İnformasiya iqtisadiyyatının inkişafı və idarə olunması problemləri araşdırılır

14 Noyabr 2017 - 15:51 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2017-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev öncə cari ildə şöbədə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verdi. İnformasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətlərində onun elmi-nəzəri əsaslarının tədqiqinə, informasiya iqtisadiyyatının ölçülməsi problemlərinə, informasiya iqtisadiyyatının “yaşıl” texnologiyalar əsasında inkişafı  prosesinə təsir edən amillərin araşdırılmasına, texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə model və mexanizmlərin işlənilməsinə dair tədqiqatlar aparıldığını və elmi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdı.

Məruzəçi şöbə əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticəsində cari il ərzində 8 konfrans materialının nəşr olunduğunu və onlardan 2-nin “Web of Science” bazasında indeksləşən beynəlxalq konfrans materiallarına daxil olduğunu bildirdi. Tanınmış elmi jurnallarda isə 9 məqalənin dərc edildiyini diqqətə çatdırdı. Həmçinin elmmetrik göstəriciləri təqdim edərək cari ildə şöbə əməkdaşlarının məqalələrinə müəyyən sayda istinad olunduğunu qeyd etdi.

Ə.Əliyev cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya fəaliyyəti haqqında  ətraflı məlumat verdi. O, “İnformasiya iqtisadiyyatının formalaşması: problemlər, vəzifələr və perspektivlər” mövzusunda respublika multidissiplinar elmi-praktiki konfransının keçirilməsi  ilə əlaqədar ilkin hazırlıq işlərinin görüldüyünü bildirdi.

Şöbə müdiri Dövlət Proqramlarında institutun fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında iştirak edildiyini, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Bilik iqtisadiyyatının formalaşması” və “Regionların sosial-iqtisadi inkişafı” üzrə Dövlət Proqramında “İnnovasiya və bilik iqtisadiyyatının formalaşması” mövzularında müəyyən işlərin yerinə yetirildiyini vurğuladı.

Məruzəçi Telekommunikasiya və İnformasiya Texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsində (2016) informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsi üçün təkliflər verildiyini, Elmin İnkişafı Fondu və SOCAR-ın  Elm Fondunun  növbəti qrant müsabiqəsində iştirakla bağlı təkliflərin hazırlandığını diqqətə çatdırdı.

Sonra Ə.Əliyev şöbədə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən  danışdı. 2017-ci ildə Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Texniki Universitetinin Texnoparkı, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Tbilisi Dövlət Universiteti, Gürcüstan Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi.

O, həmçinin şöbə əməkdaşlarının elmi-təşkilati və praktiki, elmi-pedaqoji fəaliyyəti, institutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işlərinin yaxşılaşdırılmasına dair görülən işlərdən danışdı.

Sonda hesabata dair fikir mübadiləsi aparıldı, şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.