Noyabrın 7-də İordaniyada “Sülh naminə elm” şüarı ilə Dünya Elm Forumu (World Science Forum) öz işinə başlayıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Forumda iştirak edir.
Yaxın Şərqin ən böyük elm toplantısı hesab edilən bu tədbirə dünyanın 120 ölkəsindən 2500-dən çox alim və mütəxəssis dəvət alıb. Forumda dünyada cərəyan edən qlobal dəyişikliklərlə əlaqədar elmin vəzifələri, elm və texnikanın inkişafındakı yeni amillər və s. mövzularda müzakirələr aparılır.
4 gün davam edəcək Forumda İordaniyanın Kral Elmi Cəmiyyəti, Təhsil, Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı (UNESCO), Macarıstan Elmlər Akademiyası, Elmin inkişafı üçün Amerika Assosiasiasiyası, Dünya Elmlər Akademiyası, Avropa Elmlər Akademiyasının Məsləhət Şurası, Beynəlxalq Elmlər Şurası və digər beynəlxalq qurumlar təmsil olunur.
Qeyd edək ki, Dünya Elm Forumunun 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.